
Bu gün Biləsuvar rayonunun Ağalıkənd kəndində olanda, kənd icra nümayəndəsi Oktay müəllimin nurani bir ağsaqqaldan bəhs etməsi, bizi də o insanın izinə düşməyə, onunla söhbət etməyə sövq etdi.
Mirzəyev İbrahim Şəkur oğlu 1936-cı ildə Ağalıkənd kəndində zəhmətkeş kolxozçu ailəsində dünyaya gəlib. Ailənin ikinci övladı olan İbrahim kişi 3 oğlan və 2 qız övlad arasında öyrənməyə, zəhmətə olan marağı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə başa vurub. O dövrün müəllimləri uşaqları elmə həvəsləndirmək üçün daim çalışır, oxumaq üçün rəqabət mühiti yaradırdılar. Elə bu mühitin nəticəsi idi ki, İbrahimin oxuduğu sinifdə 24 şagirddən 20-si ali məktəbə qəbul olunmuşdu.
İlk ali təhsilini Bakı Neft Texnologiya Texnikumunun “Energetika” şöbəsində alıb. 1958-ci ildə texnikumu bitirdikdən sonra təyinatla Nərimanov adına Geoloji Kəşfiyyat İdarəsində operator kimi fəaliyyətə başlayıb. 1961-ci ilə qədər burada çalışdıqdan sonra Lənkəranda EMU – Elektrik Quraşdırma İdarəsində işə düzəlir. Lakin şöbə müdirinin qərəzli münasibəti səbəbindən üç aydan sonra bu işdən ayrılır.
Bir müddət doğma kəndinə qayıdaraq satıcı kimi çalışır. Bu dövrdə sinif yoldaşı Sabir Qocayevin bir sualı onun həyatında dönüş nöqtəsinə çevrilir:
— Sən sinifin əlacı idin, niyə institutda oxumadın?
Bu sualdan sonra İbrahim kişi qəti qərara gəlir: “Mənə işləmək yox, oxumaq lazımdır!”
Ailəli və bir övlad atası olsa da, Bakıya yollanır və Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) “Energetika” fakültəsinə qəbul olunur. Təhsilini qiyabi davam etdirir, gündəlik isə Lenin adına Toxuculuq Kombinatında elektrik montyoru kimi çalışır.
Ali təhsilini tamamladıqdan sonra 1968-ci ilin yanvarından Biləsuvar Rayon Kənd Təsərrüfatı İdarəsində elektrik mühəndisi kimi fəaliyyətə başlayır. 1975-ci ilə qədər bu vəzifədə çalışır. Daha sonra isə Azərbaycan kolxozunda heyvandarlıq kompleksi üzrə mühəndis kimi fəaliyyətini davam etdirir. Hər zaman səmərəli iş görməyə, kəndin sosial və təsərrüfat həyatına töhfə verməyə çalışır.
İbrahim Mirzəyev kənddə bir çox sosial obyektlərin – ağsaqqallar evi, məscid və digər mühüm obyektlərin tikintisinə təşəbbüs göstərib, onların layihələndirilməsində fəal iştirak edib.
1994-cü ildən sahibkarlıqla məşğuldur. Fermer kimi həm əkinçilik, həm də heyvandarlıq sahəsində çalışır. “Mal da, qoyun da saxlayıram, ətini də yeyirəm. İndi zeytun yağına keçmişəm” – deyir və 2000-ci ildən yalnız zeytun yağı istifadə etdiyini gülərək əlavə edir. Bu gün, 89 yaşında belə, zəhmətdən çəkinmir – səhər açılanda tarlaya yollanır. Keçən gün tarladan yonca bağlamasının daşınmasından söz açarkən soruşuruq: “Bu işləri özünmü görürsən?” Cavabında isə bircə kəlmə deyir:
— Niyə də əkməyim?..
İbadət əhlidir – həm Həcc, həm də Kərbəla ziyarətlərində olub. 7 övlad atasıdır – 4 qızı və 3 oğlu var. Oğlu Namiq uzun illər dənizçiliklə məşğul olub, gəmi kapitanı kimi fəaliyyət göstərib. Təəssüf ki, bir neçə il əvvəl xəstəlik səbəbindən dünyasını dəyişib. Qızı Gülnar Bakı şəhərində yaşayır, musiqi müəllimidir və peşəkar qarmon ifaçısıdır.
Ömrü boyu sağlam düşüncəli insanlarla yol yoldaşı olduğunu söyləyir və onlardan biri kimi Biləsuvar rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımovun adını xüsusi qeyd edir:
— Məfkurəsi, əqidəsi sağlam insan idi – deyə hörmətlə yad edir.
Ömür yolunda çətinliklərlə üzləşsə də, bu günə şükür etməyi bacarır:
— Çox əziyyət çəkmişik, amma bu günə çox şükür. Keçmiş dövrün çətinlikləri çox idi. İndi yaşamaq nə var ki? Gənclər bəzən bunu qiymətləndirmir. İndi onların inkişafı üçün hər cür şərait var. Mən bu yaşımda bütün təsərrüfat işlərimi özüm görürəm. Bir gün işləməsəm, rahat olmuram. Ata-babalar demişkən: Zəhmət insanın gövhəridir.
İbrahim kişi bu gün də həyat eşqi, işgüzarlığı və təmkinli düşüncəsi ilə gənclərə örnəkdir.
Qələmə aldı: Surxay Şahbazov