» » Rayonlarında lider bacı və qardaş


Rayonlarında lider bacı və qardaş

Cari tədris ilinin yekunları açıqlanandan sonra ümumtəhsil məktəblərinin məzunları ilə bağlı sosial şəbəkələrdə, mediada paylaşımlar artır. Valideynlər illərlə sevgi və ümidlə məktəbə yola saldıqları övladlarının buraxılış imtahanlarındakı uğurları ilə fəxr edir, onların formalaşmasında əməyi keçən müəllimlərin zəhmətini alqışlayırlar.

Bu sevincə şərik olanlardan biri də Biləsuvar rayonu Ceyhun Məhərrəmov adına Xırmandalı kənd tam orta məktəbidir. Məktəbin bu ilki məzun sayı 72 nəfərdir. Onlardan üçü 600 baldan yuxarı nəticə göstərərək rayon üzrə yüksək nailiyyətlər sırasına düşüb. Bu məzunlar arasında ən yüksək nəticə – 675 bal toplayaraq məktəbin və kəndin fəxrinə çevrilən Elturan Nahid oğlu Əhmədov liderdir.

Məktəbdə olduğumuz zaman daha bir sevindirici xəbər aldıq: bu uğur təkcə Elturanla bitmir. Belə ki, onun bacısı, həmin məktəbin IX sinif şagirdi Sevgi Əhmədova da buraxılış imtahanlarında məktəbin ən yüksək nəticəsini göstərib – 295 bal. Bu nəticə ilə Sevgi rayon üzrə yaşıdları arasında ikinci yeri tutub.

Məktəbin direktoru, Tərəqqi medallı Aqşin Əkbərov bu iki şagirdin uğurunun bütün kollektivdə sevinc doğurduğunu bizimlə bölüşdü. O, bacı-qardaşın həm dərsdə, həm davranışda yüksək mədəniyyətə və intizama sahib olmalarını xüsusi vurğuladı: “Bizim məqsədimiz məktəbin formalaşmış nailiyyət ənənələrini qorumaq və davam etdirməkdir. Bu il XI sinif üzrə üç buraxılış sinfimiz var idi. Tədris ili ərzində təhsildə keyfiyyətin yüksəldilməsi, şagirdlərin fərdi inkişafına dəstək verilməsi və müəllim-şagird-valideyn əməkdaşlığının möhkəmləndirilməsi əsas hədəflərimiz olub.”

Əhmədovlar ailəsinin iki övladının uğuru, həm də bir ailədəki təhsil sevgisinin, zəhmətkeşliyin və ailə-məktəb birliyinin bariz nümunəsidir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR