
Bu ədəbi günün yadda qalan anlarından biri də, ilk dəfə “Xəzinə” məclisinin yığıncağına qatılan, ölkənin mədəniyyət həyatında tanınan aktyor Mahir Mirişlinin çıxışı oldu. Onun Şamama xanımın şeirlərinə verdiyi səmimi münasibət və ustalıqla səsləndirdiyi poetik nümunələr alqışlarla qarşılandı. Mahir müəllimin səhnə təcrübəsi ilə poeziyanın ruhu tədbirə xüsusi rəng qatdı..ş
“Kaş ki...” – bu iki kəlmə, əslində bir qadın şairin illərlə içində saxladığı duyğuların, keçmişin, təəssüfün, eyni zamanda ümidin, ülvi arzuların poetik təzahürüdür. Kitabda yer alan şeirlərdə təkcə bir qələm sahibinin səsi deyil, həm də bir kəndin nəfəsi, bir xalqın ruhu duyulur.
İsmətli kəndində dünyaya göz açan, ali təhsilli, müxtəlif antologiyalarda, qəzet və jurnallarda şeirləri ilə ədəbi məkanda öz yerini tutan Şamama xanım təkcə bir şair deyil, həm də vətənpərvər qadın obrazıdır. Onun Qarabağa səfərləri, şəhid məzarlarını ziyarət etməsi, “Aşıq Pəri” məclisinin fəal üzvü kimi milli ruhu yaşatmaq səyləri, KİV-lər tərəfindən aldığı “Azərbaycanın fəxri” kuboku, “Zəfər” medalı və fəxri diplomlarla da təsdiqlənir.
Məclisin sonunda iştirakçılar bir daha sözə, sənətə olan sevgi ilə birləşərək xatirə şəkilləri çəkdirdilər. Hər kəsin çöhrəsində məmnunluq, könlündə isə poeziyanın doğurduğu dinclik vardı.
Bu gün bir daha şahid olduq ki, Biləsuvar təkcə taxılı, pambığı ilə yox, həm də sözü, şairi, ədəbi ruhu ilə zəngindir. “Xəzinə” adını da elə bu zənginlikdən alır.
Samir QURBANOV









