» » Biləsuvarda içməli su təchizatı sahəsində əsaslı dönüş: görülən tədbirlər öz bəhrəsini verir


Biləsuvarda içməli su təchizatı sahəsində əsaslı dönüş: görülən tədbirlər öz bəhrəsini verir

Biləsuvar şəhərində və ona yaxın kəndlərdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində son aylar ərzində həyata keçirilmiş kompleks infrastruktur tədbirləri öz real nəticəsini verməkdədir. Əvvəllər yay mövsümündə, xüsusən şəhərin ucqar ərazilərində içməli su çatışmazlığı əhalinin haqlı narazılığına səbəb olurdu. Bu gün isə həmin problemlər aradan qaldırılıb, sakinlər keyfiyyətli içməli su ilə təmin olunurlar.


Hazırda Biləsuvar Su Meliorasiya Sistemləri İstismarı İdarəsi şəhər və ətraf kəndlər üzrə geniş və şaxələndirilmiş su şəbəkəsini idarə edir. Minlərlə abonentin içməli su təminatı həyata keçirilir. Dörd kənd şəhər su şəbəkəsinə birbaşa qoşulub, altı kənddə içməli su Cənub Muğan kanalından nasoslar vasitəsilə, daha 15 kənddə isə modul tipli su təmizləyici qurğular vasitəsilə təmin olunur.

Biləsuvar Su Kanalı Sahəsinin rəhbəri Mirhəsən Nəsibov “Bilesuvarinfo”ya açıqlamasında bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkə üzrə su təsərrüfatı sahəsində aparılan islahatlar nəticəsində idarəetmədə keyfiyyətcə yeni mərhələyə keçid təmin olunub: “Hazırda idarəmiz Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərir. Bu struktur dəyişikliyi maddi-texniki bazanın gücləndirilməsinə, kollektivin imkanlarının genişlənməsinə və su təminatında daha çevik qərarların qəbuluna şərait yaradıb.”

İlin əvvəlindən idarənin bütün resursları səfərbər olunub, Biləsuvar şəhərinin su təchizatında əvvəlki illərdə müşahidə olunan problemlər aradan qaldırılıb. Zəhmətabad kəndində yerləşən əsas su anbarına ötürülən suyun həcmi artırılıb, nasoslar əsaslı təmir edilib. Əvvəllər beş nasosdan yalnız üçü işlək idisə, indi onların ikisi yenisi ilə əvəz olunub, stansiya tam gücü ilə fasiləsiz fəaliyyət göstərir.

Bu texniki tədbirlərin operativ və effektiv şəkildə icrası idarə rəisi Ədalət Babayevin şəxsi nəzarəti altında həyata keçirilib. Su təminatı qrafiki yenidən optimallaşdırılıb ki, bu da abonentlərin növbəli şəkildə, fasiləsiz su almasına imkan verib.

Əvvəllər şəhərin kənar ərazilərində yaşayan sakinlər həyətlərindəki su anbarlarını əlavə nasoslarla doldurmağa məcbur idilərsə, indi mərkəzləşdirilmiş su sistemində təzyiq kifayət qədər yüksəkdir və əlavə avadanlığa ehtiyac qalmayıb. Hazırda şəhər ərazisində içməli su ilə bağlı ciddi şikayətlər qeydə alınmır.

Biləsuvar Su Kanalı İdarəsinin prioritetlərindən biri də şəhərin kanalizasiya sistemində illərlə yığılıb qalmış problemlərin mərhələli şəkildə aradan qaldırılmasıdır. M. Nəsibov bu sahədə görülən işlərlə bağlı bildirib ki, artıq küçələrdə asfalt altında gizlənmiş kanalizasiya quyularının əksəriyyəti bərpa olunub, lyuklar təmizlənib, tıxanmış axınlar açılıb. Eyni zamanda, şəhərdə yerləşən dörd nasos stansiyasının anbarlarında əsaslı təmir və sazlama işləri aparılıb, nəticədə bütün stansiyalar tam işlək vəziyyətə gətirilib.

Bu tədbirlərin nəticəsində kanalizasiya axınları Əliabad kəndində yerləşən Çirkab Suların Təmizlənməsi Qurğusuna (ÇSTQ) ötürülür. Həmin qurğuda da çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Qeyd edilməlidir ki, kanalizasiya sistemində fasilələr və texniki nasazlıqlar şəhərin ekoloji tarazlığına ciddi təsir edə bilər. Buna görə də bu sahədə fasiləsiz nəzarətin təmin olunması vacib amillərdəndir.

Yekunda vurğulamaq lazımdır ki, Biləsuvar şəhərində və ətraf kəndlərdə içməli su sistemlərinin yenidən qurulması əhalinin sosial rifahına və həyat keyfiyyətinə mühüm töhfə verir. Dövlətin həyata keçirdiyi infrastruktur layihələri və idarəetmədə tətbiq olunan yeni yanaşmalar bölgə sakinləri tərəfindən rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir.

Qələmə aldı: Surxay Şahbazov
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR