» » 30 ildən sonra doğma məktəblərində...


30 ildən sonra doğma məktəblərində...

Unudulmaz məktəb illərinin şirin xatirələri yenidən onları bir araya gətirdi. 1995-ci ilin 25 mayında son zəng çalındıqda 11b sinfində 25 şagird idilər. Aradan keçən 30 il – enişli-yoxuşlu həyat yolları, zamanın sınaqları bu insanları mətinləşdirdi, formalaşdırdı, cəmiyyətin dəyərli üzvlərinə çevirdi.

Bu gün onların hər biri 46–47 yaşında, hərəsi bir sahə üzrə  çalışmaqdadır. Hamısının ortaq bir cəhəti var: vətənə, dövlətə sadiq xidmət! Onları yenidən bir araya gətirən isə nə rütbə, nə mənsəb, nə də məsafə oldu – bu, müəllimlərinə və məktəb illərinə olan sarsılmaz ehtiram idi. Görüş məkanı isə elə doğma Biləsuvar şəhər 4 saylı məktəbi oldu.

Hər addımda xatirələr canlandı: koridorda səslənən gülüşlər, sinif otaqlarındakı sükut, lövhədə yazılan ilk hərflər... Hər şey onları yenidən o illərə apardı. Xüsusilə də ilk müəllimləri Gülnar Bağırovanın adını çəkəndə qəlbləri kövrəldi. Onun boynuna sarılıb uşaqlıqlarını, o şirin günlərin qoxusunu geri almağı planlaşdırmışdılar. Təəssüf ki, üzürlü səbəbdən Gülnar müəllim görüşə qatıla bilmədi.

Məktəbin direktoru Cəmil müəllim, uşaqlıq illərində onlara bir qədər ciddi və zəhimli görünsə də, bu gün hər kəs etiraf edirdi: “O, bizə həyat dərsi verib. Onun tələbkarlığı bizi müstəqil həyata əsl şəxsiyyət kimi yetişdirdi” deyirlər.

Fizika müəllimi Abas Rzayev isə təkcə elmi öyrətmədi – dürüstlük, halallıqla yaşamağı da öz şəxsiyyəti ilə təbliğ etdi. Bu gün şagirdləri fəxrlə deyirlər: “O, bizə həyatın qanunlarını öyrətdi.”

Xüsusi dəyərlə anılan isə sinif rəhbərləri, mərhum Natiq Əliyev oldu. Onun sinfinə olan sevgisi, şagirdlərinə verdiyi bilik və dəyərlər bu gün də yaddaşlardadır. Görüşdən əvvəl onun məzarını ziyarət etmək, ruhuna dualar oxumaq onların borc bildikləri mənəvi bir vəfa idi.

Bəli, xatirələr zamanın üzərində silinməz izlər buraxır. Məktəb illəri isə insanın yaddaşında, qəlbində ən təmiz, ən saflıqla dolu bir dövr kimi yaşamağa davam edir. Aradan 30 il keçsə də, bu məktəbin divarları, partaları, müəllim baxışları onları unutmamışdı.

Surxay Şahbazov, jurnalist
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR