Azərbaycanın yaşıl enerji strategiyası çərçivəsində növbəti nəhəng layihəyə start verilib. Tikinti sahəsində artıq ofis düşərgəsi qurulur, ərazi hasarlanır, ilkin mobilizasiya işləri aparılır. Bu mərhələdə Çin, Türkiyə, İspaniya və digər ölkələrdən dəvət olunan peşəkar mütəxəssislər yerli komanda ilə birgə çalışır. Layihənin tam gücü ilə icrası zamanı Biləsuvar rayonundan olan 1500 nəfər yerli əməkdaşın layihəyə cəlb olunması planlaşdırılır.
“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar Günəş Elektrik Stansiyasında (GES) günəş paneli dayağının quraşdırılmasına bu gündən başlanılıb. Tikinti işlərinə başlanılması münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Masdar şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıxov, Çin Xalq Respublikasının “China Energy Development” şirkətinin layihə rəhbəri Du Ning və Fan Tao ərazidə görülən işlərlə tanış olublar.
Tədbirdə icra başçısı F. Qürbətov bu böyük layihənin alternativ enerji mənbələrinin istifadəsinin genişlənəcəyini və ekoloji baxımdan təmiz enerji istehsalının bölgənin dayanıqlı inkişafına mühüm töhfə verəcəyini bildirib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən enerji strategiyası çərçivəsində həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də bərpaolunan enerji potensialından səmərəli istifadə olunmasına güclü imkan verəcək. Bu layihə təkcə rayonun deyil, bütövlükdə ölkənin “yaşıl enerji” siyasətinə uyğun olaraq, gələcək nəsillərə daha sağlam mühitin ötürülməsinə xidmət edəcək”.
"Masdar" şirkətinin ölkə müdiri Murad Sadıqov bildirir ki, ötən ilin iyununda ölkə başçısının iştirakı ilə təməli qoyulan bu layihə Qafqazın ən böyük günəş elektrik stansiyasıdır. Və ən müasir texnologiyaların tətbiqi ilə ərsəyə gətiriləcək. "Bu gün çox əlamətdar gündür, layihəmizin ilk panel konstruksiyasının torpağa bərkidilməsi ilə ərazidə genişmiqyaslı islərə start verilir.
Bir müddət sonra nəzərdə tutulmuş ərazilərdə boş yer görməyəcəksiniz, günəş panelləri ilə tam örtülü olacaq hər yer."
Tədbirdə tərəfdaş şirkətlərin nümayəndələri layihə barədə məlumat veriblər. Daha sonra Faiq Qürbətov və Murad Sadıxov ilk günəş paneli dayağına imza ataraq işlərə start veriblər.
Qeyd edək ki, Biləsuvar rayonunda güçü 445 meqavat olacaq Günəş Elektrik Stansiyasının (GES) inşası ilə əlaqədar Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında müqavilə imzalanmış və 4 iyun 2024-cü il tarixdə Ölkə Prezidenti cənab İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabirin iştirakı ilə layihənin təməli qoyulmuşdur.





