» » Biləsuvarda “Təhlükəsiz şəhər” layihəsinə start verildi


Biləsuvarda “Təhlükəsiz şəhər” layihəsinə start verildi

Biləsuvar rayonunda ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin olunması və yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi məqsədilə genişmiqyaslı tədbirlərə başlanılıb. Bu çərçivədə müasir texnologiyaların tətbiqi ilə təhlükəsizlik infrastrukturunun gücləndirilməsi nəzərdə tutulur.


“Biləsuvarinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində rayon ərazisində ümumilikdə 80 müxtəlif nöqtədə 176 ədəd yüksək texnologiyalı müşahidə kameralarının quraşdırılması işlərinə start verilib. Bu kameralar təkcə şəhər mərkəzini deyil, rayonun ətraf yaşayış məntəqələrini də əhatə etməklə, ictimai yerlərdə baş verə biləcək hadisələrin operativ aşkarlanmasına və müdaxilə imkanlarının artırılmasına xidmət edəcək.


Layihə çərçivəsində, həmçinin sürücü intizamını gücləndirmək və yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə rayonun intensiv hərəkətli və qəza riski yüksək olan yol sahələrində 12 ədəd radar cihazının quraşdırılması nəzərdə tutulur. Avtomatik rejimdə fəaliyyət göstərəcək bu sistem qayda pozuntularını daha operativ və şəffaf şəkildə qeydə almağa, eyni zamanda sürücülərin məsuliyyət hissinin artmasına və yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə imkan verəcək.


Mərhələli şəkildə həyata keçiriləcək bu layihənin icrası nəticəsində Biləsuvar rayonunda həm cinayət hallarının, həm də yol-nəqliyyat hadisələrinin sayında azalma gözlənilir.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR