» » Virtual dünyada itən uşaqlıq


Virtual dünyada itən uşaqlıq

Zaman dəyişdikcə uşaqlığımızın səsləri – həyətdəki oyunlar, kitab vərəqlərinin xışıltısı, canlı ünsiyyətin sevinci getdikcə daha çox telefonların səsləri və ekranların parıltısı ilə əvəz olunur. Həyat ritmimiz sürətlənib, amma bu sürətin içində sanki bir az da tənhalaşmışıq. 


Əvvəllər bir kitab səhifəsi çevirdikcə duyulan həyəcan indi barmağımızın ekran üzərində sürüşməsi ilə əvəz olunub. Duyğular daha çox şəkillərlə, paylaşımlarla izah olunur, amma çox zaman hiss olunmur. Texnologiya bizə çox şey bəxş etsə də, sanki uşaq təbəssümlərinin səmimiyyətini, oyuncaqların sadəliyində gizlənən xoşbəxtliyi unutdurub.


Müasir dövrdə texnologiyanın sürətli inkişafı həyatımızı bir çox cəhətdən asanlaşdırsa da, valideynlər üçün yeni narahatlıqlar da yaradıb. Mən, bir ana olaraq, hər gün müşahidə edirəm ki, uşaqlarımız internet və telefona o qədər bağlanıblar ki, bu, artıq həm onların sağlamlığına, həm də təhsil həyatlarına ciddi təsir edir.
 
 Əvvəllər məktəbdən qayıdan uşaq çantasını kənara qoyub ya dərs hazırlayardı, ya da həyətə qaçıb dostları ilə oynayardı. İndi isə ilk işi telefonu əlinə almaq olur. Sosial şəbəkələr, oyunlar, YouTube videoları onların düşüncəsini, diqqətini tamamilə ələ keçirib. Dərsə maraq azalıb, oxuma həvəsi getdikcə zəifləyir.
 
 Biz valideynlər övladlarımızın gələcəyini düşündükcə narahat oluruq. Onların daha savadlı, mədəniyyətli, düşünən və sağlam fərdlər kimi böyüməsini istəyirik. Amma bu məqsədə çatmaq üçün yalnız müəllimlər yox, valideynlər də üzərlərinə məsuliyyət götürməlidirlər. Evdə telefon istifadəsinə nəzarət olunmalı, uşaqlara vaxt bölgüsü öyrədilməli, onlarla birlikdə dərs mühitləri yaradılmalıdır.
 
 İnternet lazımlı və faydalı vasitədir, amma nəzarətsiz qaldıqda, uşaqlarımızı real həyatdan uzaqlaşdıran təhlükəli bir məkana çevrilə bilər. Buna görə də mən bütün valideynlərə səslənirəm: gəlin, övladlarımızın elmə, kitaba, real ünsiyyətə olan marağını yenidən oyadaq. Onların gələcəyi bizim bu gün gördüyümüz işlərdən asılıdır.


Xəyalə Xoşnəfis
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR