» » “İndi işləməyə nə var ki…”


“İndi işləməyə nə var ki…”

Bu ifadə təsadüfi səslənmir. Arxasında bütöv bir dövrün zəhmət tarixi, sarsılmaz iradəsi, sönməyən məsuliyyət hissi var.

Kompüterin, planşetin, sürətli printerlərin olmadığı illərdə qəzet səhifələri barmaq gücü, alındakı tərlə yazılırdı. Hər bir sətir zəhmətin, fədakarlığın izini daşıyırdı. Həmin dövrün şahidlərindən biri də Biləsuvarın mətbu orqanı olan “Məhsul” qəzetində uzun illər çalışan İradə Heydər qızı Əsədovadır.

Biz onu 2002-ci ildə tanıdıq. Artıq 17 il idi ki, fasiləsiz şəkildə qəzet mətnlərini klassik “takka-truklu” yazı makinasında kağıza köçürür, səsi olmayan sözlərin səsinə çevrilirdi. Az maaş, çox iş… Amma o heç zaman ruhdan düşmədi. İşini həvəs, məsuliyyət və sevgi ilə gördü. Onun barmaqlarının ritmində yazılan yüzlərlə yazı “Məhsul” qəzetinin illər boyunca yaşamasında mühüm rol oynadı.

İradə xanımın əmək yolu daha erkən başlayıb – cəmi 18 yaşında. Mərhum redaktor Həmdulla Əzizovun kollektivə qazandırdığı bu əməksevər qız az bacarığı ilə işə başlasa da, qısa zamanda sürətli yazı texnikasını mükəmməl mənimsəmişdi.

O illərin çətinliklərini bu gün İradə xanım belə xatırlayır: “İndi işləməyə nə var ki... O vaxt qəzet gün aşırı çap olunurdu. Hər yazı ciddi zəhmət tələb edirdi. Yazar heyətimiz yorulmadan yazırdı: Maşallah Əhmədov, Yaqub Qurbanov, Ərşad Mirzəyev, Böyükbəy Həbibli, Mirzə Cəfərov, Qulam Mahmudov, Əhməd Bağırov… Həmdulla müəllim bu kollektivi peşəkarcasına idarə edirdi. Çətinliklərə baxmayaraq, işimizdən zövq alırdıq.”

Əslində yazı makinasının öz çətinlikləri vardı. Rəng lentləri köhnələndə belə atılmır, təmir edilərək bir daha istifadə olunurdu. Mətbəə prosesi isə başdan-ayağa zəhmət idi – qurğuşun hərflər əridilib metal lövhələrə düzülürdü. Bu ağır işi Qəfər Dədəliyev, Yaqub Rəsulov, Rahilə Qurbanova, Məhbubə Kərimova, Balacaxanım Qarayev kimi zəhmət adamları yerinə yetirirdi. İradə xanım bu adları bu gün də qürurla, ehtiramla xatırlayır.

Onun iş günü yalnız məqalə yazmaqla bitmirdi. Respublika radiosundan xəbərləri dinləyib, anında yazıya çevirmək, bülletenləri yazmaq da onun gündəlik vəzifəsi idi. "Bir gözümüz radioda olurdu, barmaqlarımız isə fasiləsiz çalışırdı,”–deyə gülümsəyir.

İradə Yüzbaşova  peşəkar fədakarlığını ailə həyatında da davam etdirib. Həyat yoldaşı Cəbrayıl Yüzbaşovla üç övlad böyüdüb. Oğlu Tural orduda zabit kimi Vətənə xidmət edir. Qızı Ləman dövlət qulluqçusudur. Digər oğlu Nəbi isə sahibkarlıq yolunu seçib. Ailə dəyərlərinə sədaqət, övlad tərbiyəsində məsuliyyət bu qadının başqa bir həyat səhifəsidir.

Bəli, bəzən kimsə iş şəraitindən gileylənir. Amma İradə xanım kimi insanlar sübut edirlər ki, sevgi və zəhmət varsa, heç bir çətinlik aşılmaz deyil.

Milli Mətbuatın 150 illiyi ərəfəsində dostum, həmkarım Samir Qurbanovla bir zamanlar eyni redaksiyada çalışdığımız İradə xanımın evində qonaq olduq. Gənc jurnalist Tural Nəsirovun da bizlə bir arada olması, sələflərinin ömür yolu haqqında ətraflı məlumatlı olmasına imkan verdi.

Onun ömür kitabını varaqladıqca bir daha əmin olduq ki, sədaqətlə yaşanan hər ömür örnəyə çevrilir, elə İradə xanım kimi...

Qələmə aldı:
Surxay ŞAHBAZOV
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR