2025-ci ilin suvarma mövsümündə Biləsuvar rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Hazırda rayon ərazisində pambıq sahələrində ikinci dövr suvarma işlərinə başlanılıb.
Biləsuvar Suvarma Sistemləri İstismarı İdarəsinin (SMSİİ) məlumatına görə, ümumilikdə 50 890 hektar əkin sahəsinin suvarılması üçün 4 Su İstismar Birliyi (SİB) ilə 47 378 hektar, “Azərsun KTM” MMC ilə isə 3 512 hektar sahə üzrə müqavilə bağlanıb. Bu sahələrin 21 352 hektarında taxıl əkilib və həmin sahələrdə suvarma başa çatdırılaraq biçin prosesi davam edir.
Rayon üzrə 9 855 hektar sahədə pambıq əkini həyata keçirilib. Onun 1 098 hektarında arat suvarması, 9 059 hektarında isə səpsuvar işləri aparılıb. 366 hektar sahədə çıxış alınmadığından təkrar səpin və suvarma tədbirləri görülüb. Hazırda bu sahələrdə ikinci suvarma mərhələsi icra olunur.
İdarənin balansında 83 nasos stansiyası, 129 hidrotexniki qurğu və 6 subartezian quyusu mövcuddur. Nasos stansiyalarının əksəriyyəti Köhnə və Yeni Cənub Muğan kanalları, eləcə də Maşınqolu kanalının sahilində yerləşərək əkin sahələrinin su təminatını həyata keçirir. Eyni zamanda, 13 nasos stansiyası əhalinin içməli su və həyatyanı sahələrinin suvarılmasında istifadə olunur.
Suvarma işləri ümumi uzunluğu 1 961 km olan suvarma kanalları vasitəsilə yerinə yetirilir. Bu kanalların 71,8 kilometri magistral kanallardır. Suvarma suyunun vaxtında və itkisiz çatdırılması üçün təsərrüfatlararası və təsərrüfatdaxili kanalların çəkilişi idarənin kanalçəkən mexanizmləri vasitəsilə davamlı şəkildə aparılır.
2025-ci ilin ilk 6 ayı ərzində 711,2 km uzunluğunda suvarma kanallarında lil və çökəklərdən təmizləmə işləri görülüb. Bunun 553,4 kilometri kanalçəkən texnikaların, 157,8 kilometri isə digər texniki vasitələrin hesabına həyata keçirilib.
Əkin sahələrində su bölgüsünün səmərəli təşkili məqsədilə 31 hidrotexniki qurğu və 12 nasos stansiyasında cari təmir işləri aparılıb. Əl ilə təmizləmə, kol-kosun yığışdırılması, istismar yollarına çınqıl verilməsi və 2 xidməti binada təmir işləri də yerinə yetirilib.
Sel sularının qarşısının alınması üçün Bolqarçay çayı boyunca məcra təmizləmə və sahil genişləndirmə tədbirləri görülüb. Hər iki istiqamətdə çayın sahilləri 3–4 metr enində genişləndirilib.
Əsaslı təmir planına uyğun olaraq 10 elektrik mühərrikinin təmiri həyata keçirilib. Eyni zamanda, R-1 torpaq məcralı kanalın beton üzlüyə alınması davam etdirilir. Cənub Muğan kanalının su götürən hissəsində yerləşən bu kanalda əvvəlki illərdə 2 070 metr hissə betonlanıb, 2025-ci ildə isə daha 700 metrlik sahədə bu işlərin görülməsi nəzərdə tutulub.
Hazırda rayon üzrə əkin sahələrinin su təminatında hər hansı ciddi problem müşahidə olunmur. Suvarma prosesinin fasiləsiz və səmərəli həyata keçirilməsi üçün SMSİİ tərəfindən gecə növbətçiliyi təşkil olunub və işlər nəzarət altında saxlanılır.
Tehrac Eyvazov,
Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsində baş mühəndisi