Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Texniki fənlər təmayüllü məktəb-lisey: Yeni tədris ilində yeni uğurlar hədəflənir


Texniki fənlər təmayüllü məktəb-lisey: Yeni tədris ilində yeni uğurlar hədəflənir

06 oktyabr 2025, Bazar ertəsi
183
0

Biləsuvar şəhər K. Ağayev adına Texniki fənlər təmayüllü məktəb-liseyində tədris artıq üçüncü ildir ki, müasir standartlara cavab verən məktəb binasında fəaliyyətini davam etdirir. Dövlətimizin, Heydər Əliyev Fondunun dəstəyi ilə burada yaradılan hərtərəfli şərait nəticəsində liseyə maraq artıb, burada çalışan kollektiv səylərini daha da artırıb.


Yeni – 2025–2026-cı tədris ilinə tam hazır vəziyyətdə başlayan lisey bu il daha yüksək uğurları hədəfləyir. Məktəbin direktoru Mehman Əliyev “Bilesuvarinfo”ya bildirmişdir ki, kollektivimiz böyük əzm və fədakarlıqla çalışaraq liseyin əvvəlki ənənələrini müasir dövrün tələbləri səviyyəsində bərpa etməyə nail olub:

"Tarixə nəzər salsaq, bu təhsil ocağı hələ sovet dövründə bölgənin nüfuzlu internat məktəblərindən biri olub. Zəhmətkeş ailələrin övladları burada keyfiyyətli təhsil almaq imkanı qazanıb, sonradan həmin ailələrdən çıxan yüzlərlə gənc ölkənin müxtəlif sahələrində tanınmış mütəxəssislər kimi fəaliyyət göstəriblər."

Zaman keçdikcə binanın maddi-texniki bazası köhnəlib və bu da tədris keyfiyyətinə təsirsiz ötüşməyib. Lakin Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində burada müasir standartlara cavab verən yeni məktəb binası inşa olunub və 2021–2022-ci tədris ilindən fəaliyyətə başlayıb. Ölkənin müxtəlif bölgələrindən şagirdlər müraciət edənlərin sayı çox olur. Ötən tədris ilində liseydə 629 şagird təhsil alırdı. Yeni tədris ilində isə mərkəzləşdirilmiş qəbul nəticəsində 3 beşinci, 1 altıncı və 1 səkkizinci sinif olmaqla 158 yeni şagird qəbul olunub. Hazırda liseyin ümumi şagird sayı 689 nəfərə çatıb. Liseyin 42 nəfərlik yataqxanasında şagirdlərin yerləşdirilməsi və qidalanması da təmin olunur.

Ötən il lisey bir sıra uğurlarla yadda qalıb:

  • 10-cu sinif şagirdi Quliyev Orxan Pərviz oğlu Respublika Fənn Olimpiadalarında Coğrafiya fənni üzrə bürünc medal qazanıb.

  • 6-cı sinif şagirdi Vəlizadə Yağmur Eliməddin qızı Respublika Fənn Müsabiqəsində Təbiət fənni üzrə gümüş mükafata layiq görülüb.

  • 11-ci sinfi bitirən 32 məzundan 27 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.


  • Həmçinin 2022–2023-cü ildən başlayaraq liseyə qəbul mərkəzləşdirilmiş imtahanla aparılır. Elə həmin il qəbul olunan 23 nəfərlik ilk lisey sinfi – 9 "d" – buraxılış imtahanında yüksək nəticələr göstərib. 23 şagirddən 20-si 200 baldan yuxarı nəticə əldə edib, 13 nəfəri isə fərqlənmə attestatına layiq görülüb.

Tədrislə yanaşı, liseydə şagirdlərin hərtərəfli inkişafına xüsusi önəm verilir. Şahmat, rəsm və rəqs dərnəkləri fəaliyyət göstərir, liseyin basketbol komandası isə regional yarışlarda birinci yerə layiq görülüb.

Akademik tədrislə yanaşı, tərbiyəvi və sosial-mədəni fəaliyyətlərə də geniş yer verilir. Liseyin əsas məqsədi – elmi biliklərə yiyələnmiş, yaradıcılıq bacarıqları inkişaf etmiş və fiziki cəhətdən hazırlıqlı gənclər yetişdirməkdir.

Yüksək tədris keyfiyyəti, peşəkar müəllim heyəti və artan şagird potensialı sayəsində lisey hər il daha böyük nailiyyətlərə imza atır. Gələcəkdə də bu təhsil müəssisəsi innovasiyalara açıq, savadlı və vətənpərvər gənclər yetişdirmək istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan