» » 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür


26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur. Milli Ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi sözsüz ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə – Qarabağ Zəfəridir. Dönə-dönə vurğulandığı kimi, xalqımızın çoxəsrlik tarixində buna bənzər Qələbə olmayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi. Bunların nəticəsində güclü, modernləşdirilmiş ordu yaradıldı və bu ordunun şücayəti sayəsində 44 günlük Vətən müharibəsində düşmənə ən ağır zərbələr vuruldu, işğal altında olan torpaqlarımız azad olundu.

Şanlı Zəfərlə başa çatan 2-ci Qarabağ müharibəsi xalqımızın tarixinə qəhrəmanlıq səlnaməsi kimi əbədi həkk olundu. Eyni zamanda 2023-cü ilin sentyabr ayında aparılan uğurlu antiterror əməliyyatları nəticəsində Azərbaycanın tam ərazi bütövlüyü təmin edildi. Bu gün Qarabağın bütün işğaldan azad olunmuş ərazilərində müqəddəs üçrəngli bayrağımız dalğalanır. Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış Rəşadətli ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə haqlı olaraq qürur duyur.

Elnur Hüseynli,
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi 

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan