» » Zəhmətlə yoğrulan bir ömür, peşəsinə bağlı yaşanan bir həyat


Zəhmətlə yoğrulan bir ömür, peşəsinə bağlı yaşanan bir həyat

Torpağın qoxusu onu hələ uşaq yaşlarından öz sehrinə salmışdı. Günəşin altında suvarılan sahələr, ilıq yaz küləyində dalğalanan arpa başaqları, bol məhsul və zəhmətin qoxusuna bələnmiş kənd həyatı – bu mənzərə onun həyatının fonu, taleyinin yönü olmuşdu. Uşaqlığı sahələrdə, gəncliyi kitablar arasında keçmişdi. Həyatın hər mərhələsində bir hədəfi olmuşdu: halal zəhmətlə yaşamaq, işinə sevgi ilə yanaşmaq, başını dik tutmaq.

1959-cu ilin mart ayının 7-də Biləsuvarın Xırmandalı kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gələn Rumil Rzayev ailənin üç oğlundan sonbeşiyi idi. Atası, Böyük Vətən müharibəsi iştirakçısı Qüdrət Rzayev övladlarına ilk gündən zəhmətin, dürüstlüyün, halallığın nə olduğunu öyrətmişdi. Rumil atasını cəmi 14 yaşında itirsə də, onun söylədiyi öyüdlər, həyatı boyu ona yol göstərən işıq kimi qəlbində yaşayırdı. Hələ məktəbli ikən yay tətillərində pambıq tarlasında tapqaya gedər, əkin sahələrini suvarar, məktəb üçün əyin-başını özü qazanardı. Çünki bu həyat ona asanlıq yox, mübarizə öyrətmişdi.

Rumil Rzayev məktəb illərində nümunəvi şagird olub, əlacılığını qoruyub saxlamış, sinif nümayəndəsi kimi hörmət qazanmışdı. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra böyük arzularla sənədlərini Politexnik İnstitutuna təqdim etsə də, konkursa düşüb, qəbul ola bilmədi. Amma bu məğlubiyyət onu yolundan döndərmədi. Hərbi xidmətini başa vurduqdan sonra bir daha imtahana girərək 1981-ci ildə həmin inistutun “Avtomatika” fakültəsinə daxil oldu. Elmin dərinliklərinə baş vurdu, inad və iradə ilə oxuyub, mühəndis adını qazandı.

1986-cı ildə doğma rayonuna – Biləsuvara qayıdan Rumil Rzayev artıq çiynində mühəndis diplomu, qəlbində isə kəndinə, torpağına bağlılıqla ilk əmək addımlarını atır. Onun ilk iş yeri Melioratorlar idarəsi olur. Lakin həyat ona yeni yollar, daha məsuliyyətli və uzunömürlü bir peşə borcu hazırlamışdı. Qısa müddət sonra o, Əzizbəyov Kanal Su İstismarı İdarəsində (indiki “Maşınqolu” kanal idarəsi) fəaliyyətə başlayır və bu məkan artıq 40 ildən çoxdur ki, onun həm iş yeri, həm də ikinci evinə çevrilib.

Bu idarədə işləmək sadəcə vəzifə borcu deyil, əsl məsuliyyət, torpaqla nəfəs almaq, insanlara su – yəni həyat – bəxş etməkdir. Rumil müəllimin dediyi kimi:

“Bu stansiya SSRİ dövründə Özbəkistandan sonra ölkəmizdə tikilən ən böyük suvarma stansiyalarından biridir. Burada hər detal, hər düymə suyun taleyini, bərəkətin yolunu müəyyən edir. Bu mexanizmin işə salınması xüsusi bilik, təcrübə və daim diqqət tələb edir.”

İşin məsuliyyəti böyükdür. Çünki bu stansiya Biləsuvar və Cəlilabad rayonunun əkin sahələrini su ilə təmin edir. O sahələrdə becərilən hər bir dənə, biçin vaxtı dolanışıq olan hər süfrə – birbaşa onun və kollektivinin əməyi ilə nəfəs alır. İdarəyə rəhbərlik edən Ədalət müəllimin daim nəzarəti, əməkdaşlara göstərdiyi diqqət və qayğı Rumil Rzayev kimi fədakar insanların işinə güc, ruh verir. Onlar bilirlər ki, bu torpaqda su varsa, həyat var. Su varsa, kəndli çalışır, məhsul bollanır, süfrələr dolur.

Rumil Rzayevin nümunəvi əmək fəaliyyəti, həmkarlarına qarşı səmimi və qayğıkeş münasibəti onu kollektivdə hörmətli bir simaya çevirib. O, gənclərə öz biliyini, zəhmətə sevgisini ötürməyi borc bilir. Deyirlər, insanın əməyi onun vizit kartıdır – Rumil müəllimin kartı isə illərin zəhməti, dürüstlüyü və səmimiyyəti ilə yazılıb.

İki oğul, iki qız atası olan Rumil Rzayev bu gün də gənc mühəndislərə örnək olacaq enerji və əzmlə iş başındadır. Onun üçün ən böyük mükafat tərif deyil, insanların üzündəki razılıq, sahələrə dolan suyun şırıltısı, torpağın canlanmasıdır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan