Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda sahibkarlığın inkişafı və dəstəklənməsi istiqamətində tədbirlərini davam etdirir. Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) ilə birgə bölgələrdə fermerlərlə maarifləndirici görüşlərin təşkili də bu fəaliyyətin mühüm istiqamətlərindən biridir.
“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin dəstəyi ilə keçirilən növbəti görüşün mövzusu “Pambıqçılıq sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” olub. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Aqrar Sığorta Fondu, Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası, Prior Leasing ASC, müvəkkil banklar və sahibkarlıq subyektləri iştirak ediblər.
Görüşdə pambıqçılıqda istehsal həcmlərinin artırılması, məhsuldarlığın yüksəldilməsi, yeni texnologiyaların tətbiqi, subsidiyalaşma mexanizmləri, torpaq və su ehtiyatlarından səmərəli istifadə yolları barədə geniş məlumat verilib.
Fermerlərə maliyyə resurslarına çıxış imkanları, gübrə və texnika təminatı, ziyanvericilərə qarşı mübarizə tədbirləri, mövcud çətinliklərin aradan qaldırılması üçün dövlətin təqdim etdiyi dəstək alətləri izah olunub.
Həmçinin pambıqçılığın ixrac potensialı və aqrar sığorta sistemindən faydalanma imkanları vurğulanıb. KOBİA tərəfindən sahibkarların maarifləndirilməsi, layihələrin hazırlanmasında texniki dəstəyin göstərilməsi, ödənişsiz məsləhət xidmətləri və təlimlərin təşkili istiqamətində mövcud imkanlar təqdim olunub.
Tədbir çərçivəsində sahibkarlar dövlət dəstək mexanizmləri ilə bağlı suallarını ünvanlayıb, ehtiyac və problemlər barədə fikir mübadiləsi aparıblar. Bu cür görüşlər sahibkarların biznes imkanlarının genişləndirilməsi, dövlət dəstəyinin təşviqi və özəl sektorun inkişafının stimullaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.





