
Mən öz peşəsinin vurğunu olan Bəybala Ağayevdən soruşdum ki, bu ixtisası necə seçdiniz? O isə belə cavab verdi:
“Mənim uşaqlıq illərim İsmətli kəndində keçib. Rəhmətlik anam çoxlu toyuq-cücə saxlayardı. Ailəmizin əsas dolanışıq mənbəyi məhz bu sahə idi. Bir gün anamın min bir əziyyətlə saxladığı quşlar xəstəlikdən bir gündə tələf oldu. Anamın necə kədərləndiyinin şahidi oldum. Həmin gün öz-özümə söz verdim ki, gələcəkdə baytar olacağam.”
Bəli, Bəybala Ağayev sözünə sadiq qaldı və anasına verdiyi vədi yerinə yetirdi. O, 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirərək sənədlərini Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Baytarlıq fakültəsinə verdi. Akademiyanı 1984-cü ildə fərqlənmə diplomu ilə bitirərək təyinatla Masallı rayonundakı kökəltmə kompleksində baş həkim kimi fəaliyyətə başladı (1984–1989).
1989–1993-cü illərdə Biləsuvar Quşçuluq Fabrikində baş həkimin müavini vəzifəsində çalışdı. 1993-cü ildən isə doğma kəndində – kolxozda baş baytar həkim kimi fəaliyyətini davam etdirdi. 2003–2008-ci illərdə isə özəl baytarlıq aptekində mütəxəssis kimi çalışdı.
Bəybala həkim 2008–2014-cü illərdə Dövlət Baytarlıq İdarəsinin Təchizat Birliyində satış üzrə mütəxəssis vəzifəsində işlədi. 2014-cü ildən bu günədək rayon mərkəzində yerləşən şəxsi baytarlıq aptekində təcrübəli mütəxəssis kimi fəaliyyətini davam etdirir.
Peşəsini ürəkdən sevən Bəybala Ağayev belə deyir:
“Bizim işimiz çətin olsa da, mən bu peşəni çox sevirəm. Dilsiz-ağızsız heyvanlarla işləmək, onlara kömək etmək mənim üçün həyatımın mənasıdır. Məşhur rus məsəlində deyildiyi kimi: ‘Həkimlər şüurlu insanları, baytarlar isə bütün bəşəriyyəti müalicə edirlər.’”
Azərbaycan Respublikasının “Baytarlıq haqqında” qanununda qeyd olunur: “Heyvan xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, həmçinin əhalinin heyvan və insanlara ortaq olan xəstəliklərdən mühafizəsi təmin edilməlidir.”
Hazırda Biləsuvar rayonunda təxminən 135 min xırdabuynuzlu, 34 min iribuynuzlu heyvan saxlanılır. Vətəndaşların həyət-bacalarında yüz minlərlə toyuq-cücə bəslənir. Bütün bunlar ölkənin aqrar inkişafının, iqtisadi tərəqqisinin göstəricisidir.
Bəybala Ağayev bildirir ki, müxtəlif xəstəliklərə qarşı dərman preparatlarının vaxtında aptekə gətirilməsinə xüsusi diqqət yetirilir. Elə xəstəliklər var ki, onları yalnız laboratoriya şəraitində müəyyən etmək mümkündür. Bu sahədə rayon baytarlıq idarəsi bizə daima əməli yardım göstərir.
Bəybala Ağayevi təkcə bacarıqlı mütəxəssis kimi deyil, eyni zamanda gözəl insan kimi tanıyırıq. Onun çalışdığı aptekə yolu düşən hər kəs bu səmimi, mehriban insanın nə qədər fədakar və işinə bağlı biri olduğunun şahidi olur. Bəybala həkim yalnız peşəsində deyil, həm də insan münasibətlərində yüksək mədəniyyəti, səbir və anlayışı ilə seçilir. O, təkcə xəstələri (heyvanları) müalicə etmir, eyni zamanda onların sahiblərinə də ümid, arxayınlıq və güvən bəxş edir. Onun kimi vicdanlı və savadlı baytar həkimlərin fəaliyyəti aqrar rayonlarımızda kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verir.
Mən bir rayon sakini kimi Bəybala həkimə gələcək fəaliyyətində uğurlar arzu edirəm.
Qorxmaz Cəfərov
Baytar həkim, Muğankənd kəndi