Mən bir vətəndaş kimi bu sualı səsləndirmək məcburiyyətində qalıram. Çünki illər öncə dövlətimizin ayırdığı vəsaitlə Biləsuvar şəhərində həyata keçirilən içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsi bu gün göz önündə bərbad vəziyyətdədir.
Biləsuvar şəhərində Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2004–2008-ci illər) çərçivəsində həyata keçirilən içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsində ciddi nöqsanlar aşkar olunub.
Layihənin icrasını üzərinə götürən podratçı “Təmir-Tikinti” MMC tərəfindən görülən işlərdə keyfiyyətsizlik və məsuliyyətsizlik özünü açıq şəkildə göstərir. Xüsusilə kanalizasiya şəbəkəsinin çəkilişi zamanı buraxılan səhvlər bu gün Biləsuvar sakinlərinin gündəlik həyatında ciddi narahatlıqlara səbəb olur.
Şəhərin bir sıra ərazilərində kanalizasiya sularının yerə axması nəticəsində “fontanlar” əmələ gəlib. Bu vəziyyət həm yerli əhalini, həm də bu sahəyə cavabdeh olan xidmət təşkilatlarını çıxılmaz duruma salıb. Su axınında baş verən pozuntular, boruların birləşmə yerlərindəki ayrılmalar və bu səbəbdən yaranan tıxanmalar problemlərin əsas səbəbləri kimi göstərilir.
Ən acınacaqlı hallardan biri isə şəhərin yol infrastrukturuna dəyən zərərdir. Kanalizasiya çəkilişləri zamanı aparılan qazıntılardan sonra yolların bərpası düzgün şəkildə aparılmayıb. Bu isə asfalt örtüyündə çökmələrə, hərəkət üçün təhlükəli şəraitin yaranmasına gətirib çıxarıb.
Məlumata görə, Biləsuvarda başa çatdırılmamış və yarıtmaz şəkildə yerinə yetirilmiş layihə işləri daha sonra “Azərsu” ASC-yə təhvil verilib. Ardınca eyni podratçı şirkətə – “Təmir-Tikinti” MMC-yə Salyan şəhərində kanalizasiya işləri də həvalə olunub.
Redaksiyamıza daxil olan məlumatlara əsasən, Biləsuvarın Nizami Gəncəvi küçəsində yaşayan sakin Rəhimov Firdovsi Kamil oğlu bildirib ki, küçəyə axan kanalizasiya suları artıq dözülməz vəziyyət yaradıb. Digər görüntülər Heydər Əliyev prospektində, 6 saylı məktəbin yaxınlığında qeydə alınıb. Sakinlərin sözlərinə görə, burada da torpaqda çökmələr, boruların ayrılması və axının pozulması nəticəsində eyni problemlər yaşanır.
Mütəxəssislər bildirirlər ki, bu tip layihələrdə keyfiyyətə ciddi nəzarət olunmadıqda həm dövlət vəsaiti israf olunur, həm də vətəndaşların gündəlik həyatı təhlükə altına düşür.
Surxay Şahbazov