Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Türk Dövlətlərinin Birliyi - tarixi zərurətin çağırışı


Türk Dövlətlərinin Birliyi - tarixi zərurətin çağırışı

09 oktyabr 2025, Cümə axşamı
1 199
0


2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə əsası qoyulan Türk Dövlətləri Təşkilatı (TDT) bu gün türk dünyasının həmrəyliyini və ortaq maraqlarını ifadə edən ən mühüm beynəlxalq platformalardan biridir. İlk illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adı ilə fəaliyyət göstərən qurum, 2021-ci ildən Türk Dövlətləri Təşkilatı adını daşıyır və daha geniş siyasi-geosiyasi məqsədlərlə çıxış edir.


TDT-nin əsas məqsədi türkdilli ölkələr arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə əməkdaşlığı dərinləşdirmək, regional sabitlik və inkişafı təmin etməkdir. Təşkilata üzv dövlətlər birgə 170 milyondan artıq əhali və 4,5 milyon kvadratkilometr ərazi ilə Avrasiya regionunda mühüm güc mərkəzinə çevrilmək potensialına malikdir.

2025-ci ilin oktyabr ayının 7-də Azərbaycanın Qəbələ şəhərində keçirilmiş XII Zirvə Görüşü, Türk Dövlətləri Təşkilatının tarixində xüsusi əhəmiyyət daşıyır. Zirvə görüşünün əsas mövzusu – “Regional sülh və təhlükəsizlik” – təşkilatın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında vurğuladı ki, təhlükəsizlik olmadan inkişaf mümkün deyil. O, həmçinin beynəlxalq hüququn prinsiplərinin pozulduğu bir vaxtda türk dövlətləri arasında hərbi və təhlükəsizlik əməkdaşlığının zəruriliyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu təşəbbüs təşkilatın yalnız mədəni və iqtisadi deyil, həm də hərbi-strateji əməkdaşlıq formatına keçdiyini göstərir. Son bir ildə Azərbaycan və Türkiyə arasında 25-dən çox ikitərəfli və çoxtərəfli hərbi təlimin keçirilməsi bu əməkdaşlığın praktik təzahürüdür.
Zirvə görüşündə Prezident İlham Əliyev Azərbaycanın 2020-ci ildə qazandığı 44 günlük Vətən müharibəsindəki Zəfəri və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyünün tam bərpa olunduğunu vurğuladı. Bu tarixi nailiyyət yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının ədalətə və sülhə töhfəsidir.
Qəbələ görüşündə önə çıxan əsas ideyalardan biri də Türk birliyinin yalnız tarixi və mədəni bağlara əsaslanan konsepsiya deyil, gələcəkdə Avrasiyanın siyasi və iqtisadi konturlarını müəyyən edəcək güc platforması kimi formalaşması oldu. TDT artıq müstəqil, ortaq maraqlara əsaslanan və qlobal miqyasda nüfuzu artan geosiyasi aktor statusu qazanmaqdadır.

Türk Dövlətləri Təşkilatı bu gün türkdilli xalqlar arasında həmrəyliyi möhkəmləndirən, sülh, inkişaf və təhlükəsizliyi təmin edən beynəlxalq əməkdaşlıq platformasıdır. Qəbələ Zirvə Görüşü bir daha göstərdi ki, TDT sadəcə regional deyil, qlobal güc mərkəzinə çevrilmək yolundadır.


Taleh Cəfərov,
Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı


Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan