
"Bilesuvarinfo" ata və qızı ilə görüşərək onlarla yaxından tanış olub və imtahanla bağlı təəssüratlarını öyrənib. Bunun üçün Milli Qəhrəman Mübariz İbrahimovun ata yurdu – Biləsuvarın Əliabad kəndinə yollanırıq.
Əldə edilən uğur çəkilən zəhmətin nəticəsidir
İlk olaraq Siyasət müəllimlə söhbətə başlayırıq. Fizika fənnini tədris edən Siyasət İsayevin sözlərinə görə, 31 ildir ki, müəllim kimi çalışır. O hazırda Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksində və R.Mikayılov adına Bəydili kənd tam orta məktəbində işləyir və imtahandan 57 bal toplayıb:
“Fənn üzrə topladığım 100%-lik nəticə heç bir hazırlıq keçmədən gündəlik dərsdəki fəaliyyətimin nəticəsidir. Kurikulum üzrə də özüm sərbəst şəkildə hazırlaşırdım. İmtahan prosesi tam şəffaf, heç bir problem olmadan keçirildi. İmtahan sualları asan, orta və çətin səviyyəli test tapşırıqlarından ibarət idi. Suallar orta məktəb proqramını əhatə edən mövzular əsasında hazırlanmışdır. Proqramdan kənar heç bir sual düşməmişdir. Sualların hamısının cavablanmasına 70 dəqiqəyə yaxın vaxt sərf etdim, amma imtahanı tam vaxtında bitirdim. Bu tipli imtahanlara hazırlaşan müəllimlərə əsas tövsiyəm odur ki, gündəlik dərs fəaliyyətlərində tam məsuliyyətli olmaq, yeniliklər axtarmaq, öyrətməklə yanaşı öyrənmək və dərsi müasir tələblərə uyğun tədris etmək lazımdır. Əldə edilən uğur çəkilən zəhmətin nəticəsidir”.
Siyasət müəllim bildirib ki, sertifikasiya prosesinin bir neçə müsbət tərəfləri vardır: “Sertifikasiya ilk olaraq müəllimlərin fənnə olan məsuliyyətini tam şəkildə artırır, onları öz üzərində işləməyə və nəticə əldə etməyə istiqamətləndirir. Digər tərəfdən müəllimlərdə motivasiya yaradır və müəllimlərin əməyinin differensiallaşmasına şərait yaradır”.
İmtahan sualları gündəlik məktəb dərsliklərindən kənara çıxmamışdır
Daha sonra söhbətimizi Siyasət müəllimin qızı Ulduz Mirzəxanlı ilə davam etdiririk. O da fizika fənni üzrə imtahan verərək, 55 bal toplayıb. Hazırda U.İsayeva Biləsuvar rayonu M.Piriyev adına tam orta məktəbində çalışır:
“5 ildir ki, fizika müəllimi işləyirəm. İmtahan üçün gündəlik dərs fəaliyyəti ilə yanaşı öz üzərimdə mütəmadı çalışmışam. İmtahan prosesi tam şəffaf, heç bir problem olmadan keçirildi. İmtahanda sualları analiz edib cavablandırmağa sərf etdiyim zaman 90 dəqiqə vaxt apardı. İmtahan sualları gündəlik məktəb dərsliklərindən kənara çıxmamışdır. Sertifikasiyanin əhəmiyyəti ondan ibarətdir ki, müəllimlərin məsuliyyətini artırır, biliklərinin yenidən yoxlanmasını təmin edir və bunu göstərir ki müəllimlər daim öz üzərində çalışmalı və yeniliklərə açıq olmalıdır”.
Sonda bildirək ki, ata və qızının imtahanda yüksək bal toplaması – bu, təkcə bir ailənin deyil, bütöv bir cəmiyyətin təhsilə olan ümididir.
Qeyd edək ki, Siyasət İsayev Vətən Müharibəsi şəhidi Rahət İsayevin əmisidir.
Ata və qızı 25 iyun tarixində Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılmış mərkəzdə imtahan veriblər.