
Bəli, illər ötür, insanlar yaşlanır, yollar dəyişir, ünvanlar başqalaşır. Ancaq bir ünvan var ki, insan ömrünün bütün yolları istər-istəməz ora aparır – məktəb. Çünki məktəb sadəcə bilik ocağı deyil, eyni zamanda xatirələrin, ilk arzuların, ilk dostluqların, ilk sevinc və göz yaşlarının məkanıdır. Məhz bu duyğularla Biləsuvar rayonunun İsmətli kənd tam orta məktəbində 1965- 1975-ci illərdə təhsil alan məzunları 50 ildən sonra ilk dəfə doğma məktəblərində bir araya gəldilər. Düzdür, köhnə binadan əsər-əlamət qalmasa da, görüş baş tutan yeni binada hər kəs o illərə dalmış, ötən illərin xatirəsi ilə baş-başa idi.
Yarım əsr sonra qovuşan bu görüş, adi bir tədbir deyil, ömür boyu unudulmayan bir duyğunun təcəssümü idi. Tədbirdə iştirak edən 25 nəfər məzun yenidən sinif otaqlarına qədəm qoyaraq, partalarda əyləşdi. O anlarda elə bil zaman dondu, hər kəs bir anlıq uşaq oldu, səs-küylü məktəb zəngi, müəllim səsi, kitab vərəqlərinin xışıltısı sanki yenidən canlandı. Nəvə-nəticə sahibi olan bu ağ saçlı babalar bu gün nədənsə özləri də uşaq tək sevinir, sevincdən coşqularına hakim ola bilmirdilər...
Bu səmimi və kövrək görüşdə illərin uzaqlaşdırdığı insanlar ürəklərin yaxınlığı ilə bir araya gəldi. Məktəbin divarları bu dəfə müəllim tapşırıqlarını deyil, köhnə zarafatları, sevinc dolu qəhqəhələri və duyğulu xatirələri eşitdi. Tədbirin əsas təçkilatçılarından olan məzun, Tibb universitetini bitirdikdən sonra ömrünü Biləsuvar səhiyyəsinə həsr etmiş həkim -anestezioloq, iki kitab müəllifi şair Mirnəsihət Mürsəlov görüşə hazırlaşarkən və məzunları soraqlayarkən keçirdiyi hissləri yoldaşlarla bölüşüb. Mirnəsihət həkim sevimli müəllimlərini xatırlayaraq onların tələbkarlığından, bilikli və vicdanlı şəxsiyyət kimi daim xatirələrdə yaşayacaqlarından bəhs edən fikirlər səsləndirib. Sevinc və həyəcan dolu görüşün hər dəqiqəsini qızıldan baha bilən məzunların çıxışları yalnız bir məzun nitqi deyildi – bu, keçmişə yazılmış minnətdarlıq məktubu, müəllimlərə bir ömürlük salam, məktəb illərinə bir sevgi etirafı idi.
Tədbirə xüsusi dəyər qatan məqamlardan biri də məktəbin qocaman müəllimlərinin – fizika müəllimi Arif Bağırovun və əlli il təhsil sahəsində külüng çalmış, İsmətli kənd orta məktəbinə uzun illər rəhbərlik etmiş fəxri qonaq Aydın Əbilovun iştirakı və çıxışları oldu. Onların hər kəlməsi illər əvvəl səsləndirdikləri dərs misraları qədər təsirli idi. Məktəbin keçmiş və bu gün arasında körpü salan bu dəyərli müəllimlər, illərdir yetişdirdikləri nəsillərlə bir daha fəxr etdilər. Arif müəllimin sarsılmaz yaddaşla sinifin adbaad şagirdlərini xatırlaması, Aydın müəllimin isə “o illərin övladları indi haralarda?” deyə doluxsunması zalda duyğulu anlar yaşatdı.
Görüş zamanı unudulmayanlardan danışarkən məzunlar Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərini və haqq dünyasına qovuşmuş müəllimlərini bir dəqiqəlik sükutla yad etdilər. Bu səssizlikdə bir ömür sevgi, həsrət və hörmət sığışmışdı. Bu, həm də bir xalqın tarixini yazan müəllimlərə və Vətən uğrunda canından keçən igidlərə dərin ehtiram idi.
Məzunlar görüşdən sonra kənd qəbiristanlığını da ziyarət etməyi unutmadılar. Uşaqlıq illərinin izlərini daşıyan yollarla gedərək, illər əvvəl onlara hərfləri öyrədən, həyatı anlatan, şəxsiyyətlərini formalaşdıran müəllimlərin məzarlarını ziyarət etdilər. Hər bir məzar başında dayanan bu insanlar, göz yaşları içində gül-çiçək qoyaraq, dualar oxudular. Sinif yoldaşlarının məzarları da ziyarət olundu – hər daşın arxasında bir ömür xatirə, bir gənclik hekayəsi vardı.
Daha sonra görüş iştirakçıları kənddə təşkil olunan süfrə arxasında əyləşərək, nostalji dolu anları bir daha paylaşdılar. Kiminin əlində köhnə bir şəkil, kiminin dilində bir zarafat, kiminin gözündə isə yaş vardı. Qocalmış simaların arxasında gənc ürəklər vardı – hələ də məktəb sevgisini içində daşıyan, dostluğun dəyərini itirməyən ürəklər.
Bu gün, sadəcə 50 ilin qeyd olunduğu bir gün deyildi. Bu, məktəb illərinin necə müqəddəs olduğunu, müəllimin cəmiyyət üçün nə qədər böyük dəyər daşıdığını və uşaqlıq dostluqlarının heç vaxt itmədiyini bir daha göstərən bir tarix idi.
İsmətli kənd tam orta məktəbinin 1975-ci il məzunlarının bu görüşü bir sübutdur ki, zaman keçə bilər, ünvanlar dəyişə bilər, amma yaddaşda yaşayan məktəb illəri heç vaxt silinmir. Onlar bu görüşlə təkcə öz keçmişlərinə yox, həm də gələcək nəsillərə məktəb sevgisinin, müəllim hörmətinin və insanlıq dəyərlərinin nə qədər önəmli olduğunu göstərdilər.
Samir Qurbansoy, jurnalist