» » Əsl müəllim ömrü, müəllim əməyi ölçüyəgəlməzdir


Əsl müəllim ömrü, müəllim əməyi ölçüyəgəlməzdir

Zərinqala uca dağlar qoynunda yerləşən Lerik rayonunun kəndlərindən biridir. Firudin müəllim bu səfalı kənddə dünyaya göz açıb. Sonradan, daha doğrusu, Firudin müəllimin iki yaşı olanda, ailələri Biləsuvar rayonuna köçüb, Xırmandalı kəndində məskunlaşıblar.
Bu qeydləri qələmə alanda fikirləşdim ki, mən Firudin müəllimi nə vaxtdan tanıyıram?!. Xəyallar çox uzağa-ötən əsrin 70-ci illərinə gedib çıxdı. Bəli, düz yarım əsrdən çoxdur ki, mən onu dağ vüqarlı, əsl ziyalı, yüksək savadı və dünyagörüşü ilə seçilən bir müəllim kimi tanımışam və bu gün də bu  fikirdəyəm.
Bəzən biz jurnalistlər sözdən israfçılıqla istifadə edirik. Kiməsə yeri gəldi-gəlmədi təriflər yağdırırıq. Amma elə insanlar da var ki, onlar sözün həqiqi mənasında hər cür tərifə, barəsində uca səslə xoş sözlər deməyə layiqdirlər. Firudin müəllim, məhz, belə ziyalılardandır.
Ulu Öndərimiz Heydər Əliyev nahaq yerə demirdi ki, "Mən dünyada müəllim adından şərəfli bir ad tanımıram". Firudin Hüseynov da müəllim peşəsini təsadüfən seçməyib. Öyrənmək və öyrətmək onun həmişə, lap gənclik illərindən ən müqəddəs arzusu olub. Və bu nəcib arzular onu bu şərəfli peşəyə, müəllimliyə gətirib. 20 yaşından ali təhsilli fizika-riyaziyyat müəllimi kimi özünü bir vaxtlar şagird kimi qədəm qoyduğu məktəbin divarları arasında görüb. Ta təqaüdə çıxana qədər müəllimlik peşəsinə sadiq qalıb."Maarif əlaçısı" fəxri adına layiq görülüb. Azərbaycanın "əməkdar müəllimi" kimi yüksək fəxri adı daşıyır.
Firudin müəllim uzun bir dövrü əhatə edən pedaqoji fəaliyyətinin təxminən 45 ilə yaxınını məktəb direktoru kimi çalışmışdır. Onun direktoru olduğu Xırmandalı kənd 1 saylı tam orta məktəbi göstəricilərinə görə respublikamızın ən qabaqcıl təhsil ocaqlarından olub. Bir vaxtlar respublika televiziyası ilə hər axşam səslənən respublikamızın ən yaxşı 5 təhsil müəssisəsindən birinin Xırmandalı kənd 1 saylı tam orta məktəbinin olması hər birimizdə sonsuz qürur hissi yaradıb. Bu əzəmətli qürur hissini isə bizə yaşadan məktəbin direktoru Firudin müəllim, onun rəhbərlik etdiyi pedaqoji kollektivin üzvləri olmuşlar.
Tale belə gətirib ki, şəxsi tanışlığımızdan başqa, iş fəaliyyətimiz də həmişə əlaqəli olub. Firudin müəllim məktəb direktoru, mən isə Biləsuvar Rayon İcra Hakimiyyətində humanitar şöbədə çalışdığımdan müxtəlif tədbirlərdə , yığıncaqlarda görüşmüşük. Firudin müəllimin rəhbərlik etdiyi məktəbdə və əksəriyyətində mənim də iştirak etdiyim tədbirlər çox yüksək səviyyədə təşkil olunurdu. Mən onun bu tədbirlərin məzmunlu, keyfiyyətli hazırlanmasına və təqdim olunmasına necə böyük can yanğısı ilə yanaşdığının dəfələrlə şahidi olmuşam.
Firudin müəllim bir ziyalı kimi həmişə novatorluğa can atıb. Çalışırdı ki, onun rəhbərlik etdiyi məktəbdə hər sahədə birincilik olsun. Kənd məktəbi olmasına baxmayaraq, bu məktəbdəki səliqə -sahman, tərtibat işləri şəhər məktəblərindən nəinki geri qalmırdı, hətta çox vaxt onları üstələyirdi. Səbəb isə aydın idi: Firudin müəllim özü bu məsələləri daim diqqət mərkəzində saxlayırdı. Bu isə hər bir rəhbər üçün çox mühüm şərtdir.
Xatırlayıram ki, şəhidlərimizə ilk xatirə komplekslərindən biri məhz Xırmandalı kənd 1 saylı orta məktəbin ərazisində yaradılmışdı və bu nəcib işdə Firudin müəllimin böyük zəhməti vardı.
 Xırmandalı kəndi rayonumuzun ən abad və yaraşıqlı kəndlərindən biridir. Əhalisinin sayı 10 mini ötüb keçmiş bu kəndin öz ənənələri var. Tanınmış simaları, ziyalıları var. Bu gün onların bir çoxunun adı rayonumuzun hüdudlarından çox uzaqlardan gəlir. Fəaliyyətləri ilə böyük hörmət və nüfuz qazanmış bu ziyalıların demək olar ki, hamısı Firudin müəllimin məktəbinin yetirmələridir. Bundan böyük xoşbəxtlik nə ola bilər?!.
Bir dahinin sözlərini xatırlayıram. O, deyirmiş ki, "Valideynlərimiz bizi dünyaya gətirib, müəllimlərimiz isə bizi yer üzündən göylərə qaldırıb ..."Bax, əsl müəllim ömrü, müəllim əməyi buna görə ölçüyəgəlməzdir. Mən də, sən də, hər birimizin həyatındadır müəllim ömrü.
Deyirlər yaxşı kişidən yaxşı ad, yaxşı övladlar qalar. Bir ziyalı kimi yüksək qiymətləndirdiyim Firudin müəllimin də bu müdrik deyimin hər ikisində öz payı var. Onu hamı yüksək səviyyəli pedaqoq, bacarıqlı direktor, gözəl ziyalı kimi tanıyır. Həmkarı olan həyat yoldaşı ilə birlikdə boya-başa çatdırdıqları övladlarından - dörd Vətən oğlundan söhbət açmamaq isə insafsızlıq olardı. Elbrus və Fərhad ixtisasca həkim, Savalan iqtisadçı, Rəşad isə Naxçıvan Universitetini bitirmişdir. Həyatda, cəmiyyətdə öz yerlərini tutmuş belə övladlarla fəxr etmək olar.
Firudin müəllim indi təqaüddədir. Qayğıkeş ata, şərəfli baba ömrü yaşayır. Ömrün 75-ci pilləsi qapını döyür. Ancaq bu nə yaşdır ki?!Yüzə hələ çox var.
Yüz yaşayın, Firudin müəllim! Siz buna layiqsiniz!.. .

Mirzə Müşfiq
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR