» » Bir ömrün halallıq simfoniyası


Bir ömrün halallıq simfoniyası

İnsanın bir şəxsiyyət kimi əsl dəyəri onun kamilliyi ilə ölçülür. Böyük Nizami Gəncəvi də bu kefiyyəti hər cür yarımçıqlıqdan uca tutub. Davranışları  insanpərvərliklə yoğrulanlar yaşadıqları ömrü bada vermir, el-oba arasında hörmət-izzət sahibi olurlar.  Onlardan biri də ömrünün 75-ci baharını yaşayan Sabir Yaqub oğlu Xammədovdur. 

1949-cu ilin mayın 19-da Biləsuvar rayonunda sadə, zəhmətkeş ailədə dünyaya göz açan Sabir Xammədovu tale uşaq yaşlarından müstəsna bir yolun yolçusu olmağa qərar vermişdi. Amma bu yol ağrı-acısız ötüşmür. O, 13 yaşında ikən atasını itirir. Bundan sonra gənc Sabir  özündən böyük müəllim qardaşının himayəsində böyüyür. Sonralar həyat Sabir müəllimi vəzifələrlə də, sərvətlə də imtahana çəkib, amma onu insanpərvərliyindən, həssaslığından uzaqlaşdıra bilməyib.  Rahatlığı el-oba üçün çalışmaqda, savab işləri ilə adamlara könül xoşluğu bəxş etməkdə görüb həmişə. Elə buna görə də indi – vəzifə, mənsəb atından düşəndən xeyli sonra da el içində alnı açıq gəzir, etdiyi xeyirxahlıqlar qədirbilənliklə xatırlanır. 

Peşəsi müəllimlik olmayıb onun. Amma qazandığı xətir-hörmət sayəsində “Sabir müəllim” deyə çağrılır.   Ömür yolunu vərəqlədikcə zəhmətlə yoğrulan, mübarizələrlə mətnləşən əzəmətli bir həyatın şahidi olursan. Yaşının kamillik çağındadır, deyir ki, qocalıq müdrikliyə gedən yolun zivəsidir, bu zivədən keçmişə boylandıqca fərəhlənə bilirsənsə, demək, hədər yaşamamısan. “Vəzifələrdə olan zaman hər hansı qərarı verərkən vicdanımla hesablaşdım və bu gün səlahiyyət sahibi olduğum illərlə fəxr edirəm, gözüm kölgəli deyil”.

Müstəqillik dönəmimizdə  Biləsuvar Rayon İcra Hakimiyyətinin ilk  başçısı olub. Həmin dövrədək də rayona rəhbərliyi keçmiş sovetlər birliyinin rayon partiya komitəsinin 1-ci katibi olaraq  edib. Sabir müəllim  Kənd Təsərrüfatı institutunu  baytarlıq ixtisası üzrə bitirdikdən sonra - 1971-ci ildən kolxozda əmək fəaliyyətinə başlayıb.Elə o vaxtdan, necə deyərlər, özünü əsl təsərrüfat adamı kimi göstərə bilib. Çalışdığı “Əzizbəyov” adına kolxozunun fermasında mal-qara arasında kəskinləşən ölüm hallarına qarşı düz 8 il çırmanıb mübarizə aparıb. İşinə sevgisi və məsuliyyət hissi sayəsində uğura nail olub. Partiya sıralarına qəbul edilib və kənd sovetində gənc deputat kimi təmsil olunub.   O, fəaliyyət göstərdiyi həmin dövrlərdə iki dəfə kənd sovetinin,  dörd dəfə rayon sovetinin və bir dəfə Azərbaycan Respublikası Ali sovetinin deputatı seçilib. 
Ötən əsrin 80-ci illərində Azərbaycanın kolxoz və sovxoz təsərrüfatları heyvandarlıq və quşçuluğun inkişafı dövrünü yaşayıb. Ayr-ayrı təsərrfatlarda araşdırmalar aparılarkən Sabir Xammədovun təcrübəsi qiymətləndirilib və o bundan sonra rayonun baş baytarı vəzifəsinə irəli çəkilib. Ardınca isə düzgünlüyü, prinsipiallığı, bilik və bacarığından irəli gələn keyfiyyətləri əsas götürülərək, rayon Xalq nəzarəti komitəsinin rəhbərliyinə irəli çəkilib. Bu vəzifənin 10 illik uğurlu icrasından sonra, daha yüksək kürsüyə- partiya komitəsinin 1-ci katibliyinə yüksəlib. 

…1990-cı illərin   əvvəllərində müstəqilliyə doğru inamla addımlayan ölkəmizdə keçid dövrünün ciddi problemləri, müharibənin alovlanması, siyasi hərc-mərclik idərəetməni xeyli çətinləşdirir. Belə bir şəraitdə Sabir Xammədov rayonun kənd təsərrüfatında geriləmənin aradan qaldırılmasını ciddi nəzarətə götürür. Bilir ki, məhsul istehsalında yaranan durğunluq qısa zamanda aradan qaldırılmasa, bir müddət sonra sosial problemlərin miqyası genişlənəcək. ölkədə anarxiyanın baş alıb getdiyi 1990-1992-cı illərdə məhz onun gözütoxluqla, halallıqla, bir çoxlarınan fərqli olaraq, fürsətcillik etmədən həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində,rayonda taxıl istehsalı ilk dəfə 47 min tona çatdırılır. Pambıqçılıqda iki il ardıcıl olaraq, dövlət planı ilk sırada yer alır.  Bunun üçün, çətin suvarma şəraiti olan Biləsuvarda (keçmiş Puşkin) 15-ə yaxın yeni nasos stansiyası istismara verilir.  İlk dəfə, çəltikçikçiliyin inkişafı üçün Çindən mütəxəssislər dəvət olunur... Beləcə, təsərrüfat həyatında dönüş yaranır.
O, rayona rəhbərlik etdiyi illərdə təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının mükəmməl fəaliyyəti üçün aidiyyatı dövlət qurumlarına ünvanladığı 100-dən çox müraciətində cəsarətli tələblər irəli sürüb. Biləsuvardakı bir çox məktəblər üçün yeni binaların tikintisi həmin böhranlı günlərdən yadigardır. Rayonda bu gün də aktuallığını itirməyən, yerli xammala əsaslanan istehsalyönümlü lahiyələrin reallaşdırılması da Sabir müəllimin ən ümdə arzu və istəklərindən idi. Qısa müddətdə bu da əlçatan olub.  O, həm də Biləsuvar dolama avtomobil yolunun, dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanmasına nail olub həmin dövrdə. Ən ümdə arzularından biri pambıq-əyirici sexinin tikintisi idi. Onun da  bünövrəsini Sabir müəllim qoymuş, toxucu fabrikin ilk sexinin Səmədabad kəndində açılışına nail olmuşdur.

1990-cı illərin əvvələrində onunla rayonun idarəetməsində çalışan, ağsaqqal Akif Kazımovun dedikləri:

- Sabir Xammədovun rayona rəhbərlik etməsi çox çətin dövrə təsadüf edib. Bildiyimiz kimi, həmin illər ölkəmizdə içtimai-siyasi sabitlik qeyr-qənaətbəxş olduğundan, idarəçilik xeyli çətin olub. Buna baxmayaraq Sabir müəllimin zəngin təcrübəsi, fərdi idaretmə bacarığı sayəsində bir çox problemləryoluna qoyulub. 1991-cı ildə Mərkəzi Komitənin katibi ilə görüşdən sonra Biləsuvar Gömrükxanasının yaradılmasına da o nail oldu. Özünü deyil, camaatı düşünən adam kimi tanınıb bizim Sabir müəllim.   
Bəli, insanın öz eli, obası qarşısında göstərdiyi xidmətlərinin ən böyük mükafatı qəlblərdə özünə taxt-tac qurmasıdır. Bütün fəaliyyətində, xidmətlərində əsl vətəndaşlıq yanğısı ilə çalışan, yaşayan Sabir Xammədov məhz bütün şüurlu ömrünü dövlətçiliyimizə, doğma rayonunun tərəqqisinə həsr edib. Sabir müəllim “Soruşma Vətən sənin üçün nə edib, özündən soruş ki, Vətənin üçün nə edə bilmisən?” -şüarı ilə yaşayıb, yaradıb. İllərini mövcud problemlərin aradan qaldırılmasına sərf edib. Dövlətçiliyə, xalqa ürəkdən bağlılıq bu insanın qəlbinin dəriliyindən  süzülüb gələn həyat qayəsidir desək, yanılmarıq... 

Deyir ki, doğma Biləsuvarın adı ilə bağlı nə varsa, bizim adımızdır. Çalışmalıyıq ki, fəaliyyət göstərdiyimiz sahədə insanlıq hər zaman uca mərtəbədə dayansın. Xeyirxahlıq, təəssübkeşlik, mərhəmət ən ali məqsədimiz olmalıdır! 
Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilərkən Biləsuvar özünüidarə orqanına məhz belə bir əqidəsi, zəngin idarəçilik təcrübəsi olan, əhalinin qayğılarını dərindən bilən Sabir müəllimin üzv kimi namizədliyi mütəşəkklilliklə irəli sürüldü. Sonradan oradakı məhsuldar fəaliyyəti ilə özünü təsdiqləyən S. Xammədov bələdiyyədə sədr müavini və sədr vəzifəsinədək yüksəldi. 

Bu illər ərzində özünü son dərəcə bacarıqlı təşkilatçı və qayğıkeş rəhbər kimi tanıtdı o. Başqa cür ola da bilməzdi. Axı, özünün dediyi kimi, bu xalq, cəmiyyət elə onun öz  ailəsidir. Ailə isə yalnız səmimiyyətin və fədakarlığın ahəngdar birliyi təqdirində yüksəlməyə və uzun ömür yaşamağa qadirdir. Ailədən söz açmışkən, Sabir müəllim həm də gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Svetlana xanımla əl-ələ, nəfəs-nəfəsə 4 qız, 1 oğul böyüdüb boya-başa çatdırıblar. Övladların ali təhsil alması üçün də valideyn borclarını yerinə yetirblər. İndi onlar həm də övladlarının barı-bəhəri ilə öyünür, nəfəs alırlar. 11  nəvənin sevimli babası, nənəsidir, Sabir müəllimlə Svetlana xanım..   

Yaşadığı cəmiyyətdə hörmət, nüfuz sahibi olan dəyərli Sabir müəllim ömrünün saf havalı kamillik zirvəsinə gəlib çatıb. Burada rahat nəfəs ala bilirsə, deməli, xoşbəxt insandır. Çünki o, böyük həyat təcrübəsi, nəcib davranışları, yüksək mədəniyyəti, sadəliyi ilə hamının hörmətini qazanıb. Ələlxüsus ötən illər ərzində özünün bir xarakterik cəhətinə sadiq qalıb: onu əhatə edən sosial mühitdəki dəyişikliklərdən, bəzən də özünə qarşı olan diqqətsizlikdən, laqeydlikdən asılı olmayaraq, həmişə ləyaqətini, ədalət hissini qoruya bilib. İnsana şərəflə yaşanan bir ömür də kifayətdir, – deyib həmişə. Sabir Xammədov məhz  belə bir ömür yaşayır.
Mənalı ömrün daha da uzun olsun, ağsaqqal!

"Bilesuvarınfo"
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR