
Bilmirəm nədəndirsə, hər dəfə xeyirxah insanlar haqqında əlimə qələm alıb yazanda müqəddəs kitabdan müdrik kəlamlar canlanır gözlərim önündə. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil etməklə özüm də mənən rahatlanıram. Məhəmməd Peyğəmbərin (ə.s) kəlamında deyilir: Dünyəvi həyat əkin kimidir: onun məhsulu o dünyada yeyilir. Buna görə də bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Bu müdrik kəlamı elə-belə, yəni sözgəlişi xatırlamadım. Yazımın başlıqdan oxuduğunuz kimi konkret ünvanı var. İnsanlara daim yaxşılıq etməyə çalışan, sözü, fikri, əməli xeyirlə yoğrulmuş bir insan haqqında danışmaq istəyirəm.
Onun adı Biləsuvardakı “Cümə” məscidinin divarına vuralan mərmər lövhədəki adlar sırasından çoxlarına tanışdır. Bu günlərdə həmin insanın kimliyi haqqında marağımıza məscidin axundu Hacı Əlifağa Murtuzov aydınlıq gətirir: “Uzun illərdir Salyanda yaşayıb-yaradan həmyerlimizdir. Öz işinin kamil bilicisi, mühəndis -inşaatçıdır, ömrünü tikinti-quruculuğa həsr edib, bölgədə bir çox tikililərin ərsəyə gəlməsində onun böyük əməyi var”- dedi.
... Haqqında söz açacağımız sözün əsl mənasında ağsaqqallığı ilə bölgənin hörmət və ehtiramlı şəxslərindən olan 78 yaşlı Əlisultan İsgəndərzadə ilə telefon əlaqəsi yaradırıq. İlk söhbətimizdən bu zəhmət adamı haqqında xoş təsüratlarımız yaranır, söhbət əsnasında o, bizi sakini olduğu rayona dəvət edir. Onunla yaxından tanışlıq üçün, həmkarım Samir Qurbanovun xidməti maşınına əyləşib üz tuturuq Əlisultan müəllimin yaşadığı ünvana.
Budur, bizi Salyan şəhərinin mərkəzindəki dairədə, vaxtilə memarı olduğu abidələrin qarşısında (sonradan bildiyimiz Saat qovşağı və Qələbə simvolu ) bizi qarşılayır. Nur üzlü ağsaqqal, elə ilk görüşümüzdə bizi təqaüddə olandan min bir həvəslə qurub-yaratdığı təsərrüfat sahəsi ilə tanış edir. Füsunkar gözəllliyi ilə seçilən bu ərazi vaxtilə şoran, baxımsız bir yer olub; indi bir yanda şəxsi istifadə üçün limon istixanası, subtropik meyvələrin əkib-becərdiyi bağ, toyuq-cücələrin saxlanıldığı tikili onun yaşının ahıl vaxtında, böyük zövqlə qurub-yaratdığı əl işləridir.
Bu insandakı həyat eşqinə heyran olmaya bilməzsən, yaşayış üçün xırda tikilinin giriş qapısı Əlisultan əminin şərəfli əmək hekayəsinə şahidlik edib, qapı üzərində yazı lövhəsi də həmin dövrdən, kiril əlifbası ilə yadigardır : “İsgəndərov Ə. Ə”. Bu otaqdakı əşyalar, fəxri fərmanlar, zaman-zaman varaqlayaraq oxuduğu qalaqla kitablar əlbəttə ki, onun şəxsiyyəti ilə yanaşı, kamilliyindən, zəngin dünya görüşü və biliyindən xəbər verir.
Bəs kim olmuşdu Əlisultan İsgəndərli, onun həyat yolu haradan başlayıb?. Bir anlıq xəyallara dalıb, uşaqlıq illərini xatırlayır: “1947-ci ildə Biləsuvarın Ağalıkənd kəndində anadan olmuşam, bir qardaşım var. Atam Əbiş İsgəndərov kəndimizdə su təsərrüfatında çalışıb. 1949-cu ildə, iki yaşım olanda atam Biləsuvar şəhərinə ( Əzizbəyov kanalı üzərində vaxtilə olan-red.) yeni tikilən su duruldutma mərkəzinə işləməyə göndərilir və biz ailəliklə mərkəzin ərazisində məskunlaşıb yaşamışıq. Burada böyümüşəm, həmin dövrün dillər əzbəri - Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə təhsil almışam. Mədinə müəllim bizə qələm tutmağı öyrətdi, Usubəli Kamranov, Cəlil Əbişov, Baba Xammədov, Əliağa Məmmədov, Əliqulu Həsənov, Nəcibə Hətəmova kimi dahilərin tərbiyəsi ilə həyata vəsiqə aldıq. İlk vaxtlar atam məni dini təhsil, humanitar sahədə biliklər almağımda maraqlı idi. Hətta məni dövrünün ən istedadlı din xadimi yüzlərlə yetirmələri ilə bu gün də dillər əzbəri olan Axund Molla Hüseyn ağanın yanına Quran dərsi almaq üçün qoymuşdu. Artıq 9-cu sinifdə oxuyarkən elmə marağım sonsuz artır, dəqiq elmləri daha çox sevməyə başlayıram. Riyaziyyat fənnindən göstərdiyim yüksək nəticələr respublika olimpiadasında 3-ci yerə sahib çıxmağıma imkan verir. Məktəbdə Tarix dərnəyinin sədrliyi mənə tapşırılmışdı..”.
1964-cı ildə Nizami adına məktəbin ilk 11 illik sinfini başa vuran şagirdlər arasında Əlisultan da olur. Onun yüksək biliyi elə həmin il Adessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Bakı Filialının “Dəniz limanlarının hidrotexniki tikintilər şöbəsinə müvəffəqiyyətlə qəbul olmağa imkan verir. Burada təhsil aldığı 6 il müddətində qrup nümayəndəsi olub, təhsildə yüksək nəticələrə imza atıb.
1970-ci ildə ilk təyinatı Salyandakı regional tikinti idarəsinə ( həmin dövrdə 5 saylı SMD ) verilən Əlisultan İsgəndərzadənin bütün həyat yolu bu rayonla bağlı olur. Tikintidə briqadirlikdən ( iş icracısı, sahə rəisi) idarə müdirliyinədək yüksəlib. Həmin bu illərdə (20 il) Salyan, Biləsuvar, Lənkəran, İmişli, Siyəzən və Cəlilabad rayonlarında mühüm dövlət obyektlərinin, istehsal müəssisələrinin tikintisində yaxından iştirak edib. Bu mühüm obyektlər sırasında Siyəzən Quşçuluq fabriki, Salyanda 50 min kub.mt. su təmizləyici qurğu, nəhəng kübrə anbarı, Cəlilabadda hərbi hissə və s. bu kimi oyektlərin tikitisinə xüsusi mühəndislər cəlb olunub ki, Ə. İsgəndərzadə də belə peşəkarların sırasında olub.
Həmin illərdən söz açarkən, Əlisultan müəllim vurğulayır ki, özümü xoşbəxt hesab edirəm ki, əmək fəaliyyətinə başalmağım ümümmilli lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etməyə başladığı dövrə təəssadüf edib: “Ulu Öndərin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil oldu.
Azərbaycanın rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın əsasını təşkil edən fabriklər, zavodlar, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, strateji avtomobil və dəmir yolları tikilib istifadəyə verildi. Biz də, Salyanda yerləşən Tikinti müəssisəsi olaraq, bu işlərdə böyük həvəslə çalışmış, üzərimizə düşən işləri layiqincə yerinə yetirirdik. SSRİ-də möhtəşəm layihələrdən hesab olunan üç Quşçulq fabrikindən biri tərəfimizdən Siyəzəndə inşa olunub. Müəssisə tikilərkən, nəzarət də çox güclü idi. Ulu öndər Heydər Əliyev 1983-cü ildə burada şəxsən iştirak edərək, aparılan tikinti işləri yaxından tanış olub fəaliyyətimizi yüksək qiymətləndirmişdiir ”.
1990-ci ilin əvvələrində müstəqillik əldə edən ölkəmizdə yeni iqtisadi siyasətin tələblərinə uyğun olaraq yaradılan kooperativlərdən biri - “İnşaatçı-2”adı ilə Əlisultan İsgəndərzadənin rəhbərliyi altında fəaliyyətə başlayır. Müsəssisə Salyan və qonşu rayonlarda dövlət sifarişlərini icra edib və əhaliyə xidmət göstərmişdir. Bütün fəaliyyətində yurduna faydalı olmağa çalışan Əlisultan müəllim burada 50-ə yaxın insanın fəaliyyətinə nail olmuş, aztəminatlı ailələri fəaliyyətində diqqətdə saxlamağı bacarmışdı. Birinci Qarabağ müharibəsi illərində 5 nəfər müharibə iştirakçısı ailəsini himayəsinə götürüb.
Dahi Nizaminin “Dünya bir gəmidir, üzmək istəsən, xeyirxah işlərdən gəmi düzəlt sən”kəlamı onun həyat amalı olub. Əlisultan İsgəndərzadə söhbət zamanı Biləsuvar “Cümə” məscidinin tikintinə necə başlmasından söz açır. Deyir ki, atam Uca Yaradana sidqi qəlblə bağlı ibadət əhli olub, ömrünün 93-ci baharında vəfat etdiyi günədək ibadətindən qalmayıb: “ Əziyyətimizi çox çəkən atamın əziz xatirəsinə, ehsan olaraq bir iş görməklə özümdə rahatlıq tapa bilərdim. Bir gün məktəb illəri dostlarımdan Aftandil Quliyevlə (atası Ayaz Quliyev rayonda ilk baş həkimi olub – red.) bunu müzakirə edərkən qərara gəldik ki, o, öz babası İlyas Quliyevin, mənsə atamın xatirəsinə məscidi tikdirək. 1993-ci ilin yayından işə başladıq, sağ olsunlar rayonun o vaxtkı icra başçısı bizə öz dəstəklərini əsirgəmədi. Tikiti işləri əsasən bizim imkanlarımız hesabına görülsə də, hər kəs bu işdə öz dəstəyini əsirgəmirdi. Tezliklə, hazırladığım möhtəşəm layihə üzrə məscidin əsas binasını və iki günbəzini inşa etdik. Sonra yaranan iqtisadi çətinliklərə görə qalan bir günbəzin inşası rayon İcra Hakimiyyəti tərəfindən görülməli oldu. Tikinti başlayan ilk gündən bizə öz mənəvi dəstəyini əsirgəməyən axund Hacı Əlifağa Murtuzov sonrakı illərdə də göstərdiyi fəallığı sayəsində məsciddə insanların tam rahat şəraitdə ibadətləri, dini ayinlərin icrası üçün lazimi bütün şərait yaradıldı.”
Qeyd edək ki, Əlisultan İsgəndərzadə həyat yoldaşı Əzizə xanımla əl-ələ, nəfəs-nəfəsə iki oğul , iki qız övladı böyüdüb, tərbiyə ediblər. Övladlarının hər biri ali təhsillidir. Cəmiyyətdə xidməti fəaliyyətləri ilə hörmət sahibidirlər. Böyük oğlu Pərvin atasının yolunu davam etdirir, ikinci oğlu Pərviz savadlı iqtisadçıdır. Pekin İqtisad Univeristetinin doktorantıdır. Qızlardan biri iqtisadşı, digəri isə müəllimdir.
Şərəflə yaşadığı ömrü başdan-başa qurub-yaratmaq eşqi ilə şölələnən xalqın sevgisini qazanmış dəyərli ağsaqqal Əlisultan İsgəndərzadənin qarşıdan 80 illik yubileyi gəlir. Yaşadığı rayonla yanaşı, bir çox bölgələrdə ucalan möhtəşəm tikililərdə onun əli işləri, onun izi, onun nəfəsi var. Əlbəttə Əlisultan müəllim kimi ziyalılar xalqın yaddaşında ən parlaq sima kimi yaşayır və yaşayacaq.



