» » Bir polisin həyat yolu


Bir polisin həyat yolu

Etibar İsgəndərovun adı Biləsuvarda ictimai asayişin keşiyində dayanan fədakar polis əməkdaşları sırasında hörmətlə çəkilir. O, həm xidmətdə, həm də ailə həyatında nümunəvi davranışı ilə tanınıb.


İsgəndərov Etibar Biləsuvar şəhərində, ömrünü kolxoz təsərrüfatına həsr etmiş, halal zəhmətlə 9 övlad böyüdüb cəmiyyətə layiqli insanlar qazandıran Kərbəlayi Cəlal kişinin dörd oğlundan üçüncüsüdür. O, artıq ömrünün 55-ci baharına qədəm qoyub.


Bu günlərdə onunla “Bilesuvarinfo”nun ofisinin qarşısında rastlaşdıq. Bilirdik ki, uzun illərdir təqaüdə çıxdıqdan sonra Bakı şəhərini özünə daimi yaşayış yeri seçib. Söhbət əsnasında məlum oldu ki, o, rayona Polis Günü münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün təşrif buyurub. Biləsuvarda keçiriləcək peşə bayramı tədbirinə dəvət alan veteran polislər arasında o da var.


Etibar İsgəndərovla qısa müddətli olsa da etdiyimiz söhbət bizi keçmişə – onun şərəfli xidmət illərinə apardı. 20 ilə yaxın polis xidməti dövründə ictimai asayişin qorunmasında fədakarcasına çalışdığını fəxrlə xatırlayır. Deyir:

“Xidmətə sıravi polis nəfəri kimi başladım. Kiçik əməliyyat müvəkkili, manqa komandiri, müvəqqəti saxlama təcridxanasında məsul vəzifələr daşıdım. Amma vəzifədən asılı olmayaraq hər zaman işimə vicdanla yanaşdım, cəmiyyətimizə, xüsusən gəncliyin sağlam ruhda yetişməsinə xidmət etməyə çalışdım. Gecə-gündüz bilmədən cinayətkarlığa qarşı mübarizəni özümüz üçün şərəfli bir missiya saymışıq. Sağ olsun rəhbərlik, bu illər ərzində əməyimizi dəyərləndirib, bizi diqqətdən kənarda qoymayıb.”


Etibar İsgəndərov artıq 12 ildir ki, təqaüddədir. Bu illər onun həyatına yeni rəng qatıb, ailəsinə və övladlarına daha çox zaman ayırmağa imkan yaradıb. İki oğul övladını da dövlətə, Vətənə layiqli vətəndaşlar kimi tərbiyə etməyi bacarıb. Böyük oğlu Elmin hazırda Dövlət Sərhəd Xidmətində Vətənə xidmət edir. Kiçik oğlu Cabir isə Vətən müharibəsində ön cəbhədə vuruşmuş, düşmənə qan uddurmuş yenilməz cəngavərlərdən biri olub. Hazırda atası kimi polis orqanlarında çalışaraq Vətənə şərəflə xidmət edir.


Bəli, belə ailələrin yetirmələri, bu cür həyat yolları hər kəs üçün nümunədir. Sadə zəhmət adamlarının halal həyat tərzi, mövqe və duruşu zaman keçsə də dəyişmir. Onlar cəmiyyətin mənəvi dayağıdırlar.


Qələmə aldı: Surxay Şahbazov
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR