“Qarabağ”ın parlayan yeni ulduzu Murad Zəkiyev

Futbola olan marağı uşaq yaşlarından yaranıb. Atası da idmançı olan Murad, ilk məşqlərinə evdə başlayıb. O, müxtəlif idman növlərində özünü sınasa da, sonda ürəyi futbolda qaldı. 13 yaşında doğma rayonu Biləsuvarda futbol karyerasına ilk addımı atdı, məktəb və yerli yarışlarda uğurları ilə seçilməyə başladı. Qısa zamanda potensialı nəzərə çarpdı və o, Bakıda yerləşən Razin Olimpiya İdman Liseyinə qəbul olundu. Bu, onun karyerasında dönüş nöqtəsi oldu.
Liseydə göstərdiyi performans Muradı Səbail FK-nın diqqətinə gətirdi və 17 yaşlılar komandası ilə ilk rəsmi müqaviləsini imzaladı. Burada Respublika yarışlarında bürünc medal qazandı. Lakin bu, yalnız başlanğıc idi...
Qarabağ FK U19 komandası Muradın istedadını görüb onu heyətə cəlb etdi. Burada o, cəmi bir mövsümdə 15 qol vuraraq çempionatın ən məhsuldar oyunçularından biri oldu. Sonrakı mövsümdə isə komandaya kapitanlıq etmək şansı qazandı – bu, təkcə oyun bacarığına görə deyil, həm də liderlik keyfiyyətlərinə görə verilmiş bir etimad idi.
Ancaq hər bir futbolçunun yolunda çətinliklər olur. 2023-cü ildə Murad sol bud əzələsində ciddi zədələnmə yaşadı və əməliyyat olundu. Beş aylıq fasilə onun üçün asan olmadı, lakin əzmkarlığı sayəsində o, geri döndü. Sezonun sonuna doğru yenidən formasını bərpa etdi və bir daha 15 qolla özünü sübut etdi.
2024-cü ildə isə böyük bir addım atdı: Qarabağ FK (B) komandası ilə peşəkar müqavilə imzaladı. Hazırda həm B komandada oyunlara çıxır, həm də əsas komanda ilə məşqlərdə iştirak edir. Onun məqsədi aydındır – Qarabağın əsas heyətində daimi yer tutmaq və bir gün Avropanın böyük klublarında çıxış etmək.
Muradın hekayəsi sadəcə futboldan ibarət deyil. Bu, məqsəd, disiplin və inancın birləşməsinin uğura necə aparacağını göstərən bir nümunədir. O, özü kimi futbolçu olmaq istəyən gənclərə belə mesaj verir: “Əgər məqsəd qoyub, disiplinli işləsəniz və Allahdan istəsəniz, hər şey mümkündür.”
Qarabağ azarkeşləri və Azərbaycan futbolsevərləri üçün Murad Zəkiyev yalnız gənc bir hücumçu deyil – o, gələcəyin lideri, meydandakı döyüşçü, bəlkə də sabahın kapitanıdır.

Həmçinin oxuyun:

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.