
Bu günlərdə təsadüfən onun iş otağında görüşdük. Dəqiqliyi və məsuliyyəti sevən Tərlan müəllimin masasındakı sənədlər arasında bir jurnal diqqətimizi çəkdi. İcazəsi ilə varaqlayırıq. Jurnalda bələdiyyənin vergi ödəyiciləri haqqında ətraflı məlumatlar toplanıb. O isə əlavə edir:
– Bütün bu məlumatlar telefonumda da var. Bəzən sakinlər hansısa vergi, torpaq və ya məhəlli məsələ ilə bağlı sual verirlər. Gecikdirmədən cavab verirəm, “gedin sabah gəlin” demək mənlik deyil, – deyə təbəssümlə bildirir.
Bəzən vətəndaşlar bələdiyyələrə inamsızlıqdan gileylənirlər. Vergi borclarının uzun müddət yığılması da bəzən bu inamsızlıqla əlaqələndirilir. Tərlan Məlikov bu məsələni gizlətmir:
– Doğrudur, bəzən elə hallar olur ki, vətəndaş bələdiyyənin fəaliyyətinə laqeyd yanaşır. Amma məncə, bunun səbəblərindən biri də odur ki, bəzi yerlərdə bələdiyyə özü ilk olaraq vətəndaşa yaxın olmur. Biz çalışmışıq ki, ilk addımı özümüz ataq. İnsanlar görəndə ki, onların sözü eşidilir, şikayəti araşdırılır, işinə həssas yanaşılır – münasibət də dəyişir. Elə bu münasibətin nəticəsidir ki, Biləsuvarda vergi yığımında artıq əvvəlki illərlə müqayisədə artım var. Məhs onun nümunəvi fəaliyyəti rəhbərlik tərəfindən hər zaman qiymətləndirilərək fəxri fərman və diplomlara layiq görülüb.
O, yalnız rəsmi işlə kifayətlənmir. Davami vətəndaşlarla birbaşa ünsiyyətdə olur. Bəzən şənbə-bazar günləri də iş başında olur. Deyir, bu işdə “iş vaxtı” anlayışı bəzən arxa plana keçir. Əsas məsələ – insanlara xidmətdir.
Tərlan Məlikovun qazandığı ictimai nüfuz onun peşəkarlığı və səmimiyyəti ilə sıx bağlıdır. Onunla söhbət zamanı aydın olur ki, bələdiyyədə vergi müfəttişi kimi çalışsa da, işinə yalnız vəzifə məsuliyyət kimi yanaşmır, vətəndaşlıq təəsübkeşliyi ruhundadır, ona edilən bütün müraciətlərdə.. . Onun üçün bu vəzifə ilk növbədə vətəndaşa xidmət imkanıdır. Öz sözləri ilə desək:
– Bələdiyyə – xalqla dövlət arasında körpüdür. Bu körpünü möhkəm saxlamaq isə bizim vicdan borcumuzdur.
Əslində, Tərlan Məlikovun bütün fəaliyyəti bu fikri təsdiqləyir: xidmətə məsuliyyətlə yanaşan bir bələdiyyəçi olaraq, o, insanların etimadını qazanmağı bacarıb. Bu da onun bələdiyyə yolunu fərqləndirən əsas cəhətlərdəndir.


