» » Biləsuvarda II “İti dəryaz” otbiçmə yarışı keçirildi


Biləsuvarda II “İti dəryaz” otbiçmə yarışı keçirildi

Biləsuvar rayonunda qədim təsərrüfat ənənələrinin yaşadılması və təbliği məqsədilə təşkil edilən II “İti dəryaz” otbiçmə yarışı bu il də böyük maraqla qarşılanıb. Artıq ənənə halını almaqda olan bu tədbir təkcə bir yarış deyil, həm də xalqımızın zəngin mədəni irsinin yaşadılması baxımından əlamətdar bir hadisəyə çevrilib.


“Bilesuvarinfo” xəbər verir ki, yarış qeyri-maddi mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub. Yarışa rayonun müxtəlif kəndlərindən olan 20 komanda qatılıb. Hər komandada 2 nəfər olmaqla ümumilikdə 40 nəfər dəryazçı öz bacarığını nümayiş etdirib.


Yarış Zəfər Parkında – Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə salınmış məkanda keçirilib. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri, kənd ağsaqqalları və media təmsilçiləri iştirak ediblər.


Çıxış edən icra başçısı Faiq Qürbətov iştirakçılara uğurlar arzulayaraq qeyd edib ki, dəryazla ot biçmək əsrlərdir xalqımızın həyat tərzinin bir hissəsi olub və bu bacarıq həm əmək mədəniyyətimizin, həm də kənd yaşayış tərzimizin ayrılmaz parçası kimi bu günə qədər gəlib çatıb:


“Əsrlər əvvəl biçin mövsümündə kəndlərdə bu cür yarışlar keçirilərdi. Ən iti dəryazla, ən səliqəli və sürətli biçənlər hörmətlə qarşılanardı. Bu yarış da həmin ənənənin çağdaş formada yaşadılmasıdır. Belə tədbirlər təkcə mədəni irsimizin deyil, eyni zamanda insanlarımız arasında birliyin, əmək vərdişlərinin və sağlam rəqabət mühitinin təbliğinə xidmət edir.”


Yarış gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Nəticədə I yerə Çaylı kəndinin komandası, II yerə Təzəkənd, III yerə isə Dərvişli kəndinin komandası layiq görülüb. Qaliblərə mükafatlar və diplomlar təqdim olunub.


Yarışda fərdi bacarığı ilə seçilən iştirakçılar da diqqətdən kənarda qalmayıb. 66 yaşlı Məmmədov Nəriman Salman oğlu “Ən qocaman dəryazçı”, 23 yaşlı Əhədli Nahid Əlisa oğlu isə “Ən gənc dəryazçı” nominasiyası üzrə xüsusi mükafatlarla təltif olunublar.


Biləsuvarda keçirilən bu cür tədbirlər bir daha sübut edir ki, xalqın yaddaşına hopmuş ənənələr yaşadıqca, milli dəyərlər də öz aktuallığını qoruyur və yeni nəsillər üçün örnəyə çevrilir.


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR