
Yerli özünüidarə sisteminin təkmilləşdirilməsi və inkişafı ölkədə vətəndaş cəmiyyətinin formalaşması, demokratik, hüquqi dövlətin möhkəmlənməsi baxımından çox vacibdir. Bu göstəricilər, bütün demokratik ölkələr kimi müstəqil Azərbaycan Respublikası üçün də xarakterikdir. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının dördüncü bölməsinin bütövlükdə yerli özünüidarəetməyə həsr edilməsi bunun bariz ifadəsidir.
Yarandığı zamandan bu günədək bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılmasının, təkmilləşdirmənin aparılmasının zəruriliyi nəzərə alınaraq yeni qanunvericilik bazası formalaşdırılıb. Ötən ilin 25 noyabrında Azərbaycan Prezidenti cənab İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib. Həmçinin “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul olunub.
Ölkəmizdə 1999 - cu ilin dekabrından etibarən, hər 5 ildən bir yerli özünüidarələrə - bələdiyyələrə seçkilər keçirilib. 2025 - ci ilin yanvarında növbəti seçkilərdən sonra bələdiyyələrin sayı azaldılırsa da, əhatə dairəsi böyümüş, tərkibi çoxalmışdır.
Hal - hazırda Ağayrı bələdiyyəsi Günəşli və Ağayrı kəndlərini 7 minə yaxın əhalinin yaşadığı bir ərazini əhatə edir. Hər iki kənd üzrə 2046 hektar əkinə yararlı torpaqdan 1905 hektar əhalinin pay torpağına, 10%, yəni 110 ha. bələdiyyə fonduna ayrılmışdır.
Bu gün yeni tərkib olaraq, Ağayrı kənd bələdiyyəsi öz perspektiv və cari iş planını hazırlamış və iclasımızda təsdiq etmişik. Ağayrı kənd bələdiyyəsində yerli özünüidarəetmənin həyata keçirilməsi və qarşıda duran vəzifələr dəqiqləşdirilib.
Yeni bələdiyyə üzvləri ilk gündən hər iki kəndin torpaq mülkiyyətçiləri ilə görüşlər keçirmiş, onlarla fərdi söhbətlər aparmışıq. İlk olaraq əhalinin mal-qarasını saxlamaq üçün örüş sahələrinin sərhədləri dəqiqləşdirilib, su kanallarının lildən təmizlənilməsinə, kəndin müəyyən ərazilərinə atılan tullantıların təmizlənilməsin başlanıb.
Bildiyimiz kimi yerli əhəmiyyətli məsələlərin tam həllinə nail olunması, sosialyönümlü layihələrin həyata keçirilməsi üçün bələdiyyələr zəruri maliyyə imkanlarına malik olmalıdırlar. Reallıqda isə əksər bələdiyyələrin mövcud büdcələri nəinki layihələrin həyata keçirilməsinə imkan verir, hətta cari fəaliyyətinin təşkilini belə ödəmir. Bu mənada ən ciddi problemlərdən biri də vəsaitin yığılması və büdcənin formalaşması ilə bağlıdır.
Bu nöqsanların əksəriyyəti maliyyə vəsaitlərinin qanunla müəyyən olunmuş tam qaydada xərclənməməsi, yerli vergi və ödənişlərin yığılmaması, bələdiyyə işinin düzgün təşkil olunmaması və sairlə bağlıdır. Yaranan bütün çətinliyin aradan qaldırılmaqda ilk növbədə bələdiyyələrə inamı möhkəmləndirməliyik. Bunun üçün ilk növbədə, görülən işlərlə bağlı kənd sakinlərini yaxından tanış etməyi, xərclənən vəsaitin təyinatının açıqlanılması başlıca vəzifədir.
Hazırda tərəfimizdən bələdiyyənin maliyyə potensialının gücləndirilməsi üçün yerli vergi və ödənişlərin toplanması istiqamətində görülən işlərə xüsusi fikir veririk. Vergi ödəyicilərinin uçotunun düzgün aparılması, vergi ödəməkdən yayınanlarla bağlı qanunamüvafiq tədbirlərin görülməsi, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması və bu sahədə olan digər çatışmazlıqların araşdıraraq aradan qaldırılması qarşıda duran hədəflərdəndir.
İnanırıq ki, bu sahədə görüləcək işlər bələdiyyə büdcəsinin yerli vergi və ödənişlər hesabına formalaşmasında müsbət nəticələrə imkan verəcək. Bu əsasda bələdiyyələr vətəndaşların bir sıra yerli əhəmiyyətli problemlərinin həlində öz imkanlarını daha da artıracaq.
Kamilağa Əzimov,
Ağayrı Bələdiyyəsinin sədri