» » Ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü müstəqillik yolunun başlanğıcıdır


Ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü müstəqillik yolunun başlanğıcıdır

Dövlət müstəqilliyini əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətin və önəmlidir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Onun həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görüb.

Görkəmli dövlət xadiminin tam 31 il bundan əvvəl 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi də dahi şəxsiyyətə xalqın böyük etimadının nəticəsi idi. Həmin dövrdə ölkənin hər bir yerində olduğu kimi Naxçıvanda da vəziyyət ağır idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində Sovet ordusu hissələri Muxtar Respublika  ərazisindən çıxarıldı. Ulu Öndərin ən böyük xidmətlərindən biri Naxçıvanı işğal təhlükəsindən xilas etməsi idi. 

Ümummilli Liderin gərgin fəaliyyəti və səyləri sayəsində Muxtar Respublikada qısa zamanda sabitlik təmin edildi. O da sirr deyil ki, Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı istiqamətində mühüm addımlar atıldı. Belə ki, Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar quruldu. Siyasi fəaliyyətinin Naxçıvan dövründə ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. 

Həmin dövrdə ölkəmizdə hökm sürən mürəkkəb situasiyanın fonunda 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalı Heydər Əliyevə müraciət etdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. 

Xalqın ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. 1993-cü ildə Azərbaycanda siyasi vəziyyət vətəndaş müharibəsi həddinə çatmışdı. Bu zaman ziyalılar və xalq kütlələri Naxçıvana axışaraq ulu öndər Heydər Əliyevdən hakimiyyətə qayıtmasını təkidlə tələb edirdilər. Azərbaycanın bir dövlət kimi məhv olmasına və xalqın səfalət içində yaşamasına göz yuma bilməyən ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın səsinə səs verərək hakimiyyətə qayıtdı. İlk növbədə vətəndaş müharibəsinin qarşısını alan ulu öndər Heydər Əliyev atəşkəs rejiminin yaranmasına nail olaraq erməni işğalını dayandırdı, minlərlə vətən övladının şəhid olmasının qarşısını aldı.

 Ulu Öndər Azərbaycanda siyasi hakimiyyətə qayıtmaqla respublikada ictimai-siyasi sabitliyi təmin edərək xaos, hərc-mərcliyi aradan qaldırdı, ayrı -ayrı şəxslərə və siyasi qüvvələrə xidmət edən silahlı dəstələri ləğv edərək, vahid komandanlığa tabe olan nizami ordu formalaşdıraraq  ölkəmizə qarşı ermənilər tərəfindən aparılan işğal prosesini durdurmaqla dövlət quruculuğu siyasətini uğurla davam etdirdi. Bu dövrdə Azərbaycan dünyada tanındı, beynəlxalq birliyin fəal üzvü kimi yerini möhkəmləndirdi, nüfuz sahibinə çevrildi. Ulu Öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. 

Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən 19 ildə Azərbaycan dövlətinin qazandığı bütün uğurların təməlində Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla həyata keçirilməsi dayanır. Belə ki, ölkəmizin ən böyük uğuru işğal altında olan torpaqlarımızın 2020-ci ildə azad edilməsi oldu. Müzəffər Ordumuzun Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdirik siyasəti nəticəsində 44 gün davam edən Vətən  müharibəsində 30 ilə yaxın bir müddətdə işğal edilmiş ərazilərimiz azadlığına qovuşdu. Artıq işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır, bərpa-quruculuq işləri geniş vüsət alıb. Tarixi Qələbəmiz Azərbaycan xalqının yenilməzliyini və məğrurluğunu bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayır, zirvələri fəth edir.

Samir Ağayev,
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR