» » Ulu öndər Heydər Əliyev daima ürəklərdə yaşayacaqdır


Ulu öndər Heydər Əliyev daima ürəklərdə yaşayacaqdır

12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 12 dekabr günündə deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək onun məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. 

 Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. 

Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.

 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə  müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir  və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi. Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımlar atmağa qadirdilər.

 Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illərdə ilk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi. Heydər Əliyev Azərbaycan gəncliyinə müraciət etdi, Vətənimizin təhlükədə olduğunu izah edərək millətin, dövlətin gənclərə də güvəndiyini bildirdi. Bu çağırışdan ruhlanan yüzlərlə, minlərlə gəncimiz silaha sarılıb müharibəyə yola düşdü. Artıq hər kəs bilirdi ki, dövlətin rəhbərliyi etibarlı əllərdədir və ordu  müdrik sərkərdənin komandanlığı ilə idarə olunur. Həmin illərdə hərbi məhkəmə sistemində çalışan təcrübəli hakimlərdən biri deyirdi ki, Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin qarşısını aldı. Məhz dövlət başçısının təşəbbüsü ilə Milli Məclis bir neçə dəfə Amnistiya aktı qəbul etdi və minlərlə gənc həbsxanadan azadlığa qovuşdu. Sonradan onların bir çoxu öz günahlarını qanları ilə yudu, Vətənimizin düşməndən qorunması uğrunda döyüşlərdə iştirak etdi. Bax, budur, xalqa rəhbərlik nümunəsi, humanizm dəyərlərinə sədaqət, bağışlamaq və etibar etmək təcrübəsi.

 Ulu Öndərin müstəqillik dövründə  həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işləri də qeyd etmək vacibdir.  1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının müəllifi məhz Ulu Öndərdir. Cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən komandan əsgər və zabitlərlə görüşüb onları müqəddəs bir amal naminə - gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı. Həmin döyüşlərdə öndə gedən komandirlərin əksəriyyəti isə Heydər Əliyev Məktəbinin - C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri idi. Bu təhsil ocağının ildönümü mərasimlərindən birində salonda əyləşən zabitlərə, kursantlara xitabən dahi rəhbər təsadüfi  demirdi: "Sizlərə baxanda sonsuz fərəh hissi duyuram ki, mən Azərbaycanda belə bir məktəb yaratdım və bu məktəbin yetirmələri mənə doğma övladlarım qədər əzizdir".

 2016-cı ilin aprel döyüşlərində qazanılan tarixi qələbəmiz ordu quruculuğunda Heydər Əliyev strategiyasının uğurlu davamı kimi qiymətləndirilir. Cocuq Mərcanlıya 24 ildən sonra insanların bu yurda qayıdışı məhz Ümummilli Liderimizin siyasi kursunun təntənəsidir, çünki bu kənd hələ 1994-cü ildə Heydər Əliyevin komandanlığı ilə həyata keçirilmiş ilk uğurlu hərbi əməliyyatda işğaldan azad edilmişdi. Amma qarşıda bir neçə yüksəkliyə erməni hərbi birləşmələrinin nəzarət etməsinə görə bu kənddə yaşamaq təhlükəli idi. 2016 –cı  il aprelində bir neçə günlük döyüş nəticəsində həmin mövqelər də ordumuzun əlinə keçdi. İndi burada yaşayan hər kəs Prezident İlham Əliyevin timsalında Ulu Öndərin layiqli davamçısını görür və onun siyasətini qətiyyətlə dəstəkləyir.

 Təsadüfi deyil ki, ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək". Həmin il ölkəmizdə keçirilən Prezident seçkilərində xalqımız birmənalı olaraq Ümummilli Liderimizin həyat və siyasət məktəbinin yetirməsinə səs verdi və İlham Əliyev yekdil səs çoxluğu ilə dövlət başçısı seçildi. Həmin vaxtdan ötən 19 il böyük zaman məsafəsi deyil, amma bu dövrdə xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görülüb, Azərbaycanda müstəqilliyin dayaqları  möhkəmləndirilib və uzunmüddətli siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin edilib. Dövlətin iqtisadi uğurları ordu qurucluğunun da inkişaf etdirilməsinə zəmin yaradıb. Azərbaycan Prezidentinin siyasi kursunun ən başlıca istiqamətlərindən biri məhz ordunun hərbi qüdrətinin artırılmasıdır. Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bizim ordu regionun ən qüdrətli ordusudur və qarşısında dayanan tarixi vəzifəni - torpaqlarımızın ərazi bütövlüyünü təmin etməyə tam qadirdir.

Şübhəsiz ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu Dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir. Necə ki, Heydər Əliyev siyasi kursunun nəyə qadir olması, 2020 - ci ilin sentyabrın 27-də Ermənistanın təcavüzünə qarşı başladığı əks - hücum əməliyyatları ilə ərazi bütövlüyümüzün bərpası ilə bir daha təstiqini tapıb.

 Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

Xalid Əliyev,
YAP Biləsuvar rayon təşkilatı, 33 saylı ərazi təşkilatının sədri
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR