Azərbaycanın regional liderliyi MDB platformasında təsdiqini tapdı

Bu ayın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası mühüm siyasi və iqtisadi mesajlarla yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclasdakı çıxışı ölkəmizin MDB platformasında artan nüfuzunu və regional əməkdaşlığa verdiyi töhfələri bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev çıxışında MDB-nin son illərdə regional sabitlik və əməkdaşlıq baxımından əhəmiyyətli bir platformaya çevrildiyini vurğuladı. O qeyd etdi ki, MDB məkanı Azərbaycan üçün həm tarixi, həm də strateji baxımdan önəmlidir. Dövlət başçısı MDB çərçivəsində iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və ticarət infrastrukturunun modernləşdirilməsinə, humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini bildirdi. Azərbaycanın bu sahələrdə fəallığı təşkilatın ümumi funksionallığının artırılmasına xidmət edir.
İlham Əliyev çıxışında MDB-nin yalnız siyasi və iqtisadi deyil, eyni zamanda təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət üçün də etibarlı platforma olduğunu qeyd etdi. Xüsusilə MDB məkanında yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması, ticarətin asanlaşdırılması və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın əhəmiyyəti vurğulandı.
Prezidentin nitqində diqqət çəkən mühüm məqamlardan biri də III MDB Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı oldu. Bu təşəbbüs Azərbaycanın regionda idman diplomatiyasına verdiyi töhfənin, MDB çərçivəsində gənclərin və sağlam həyat tərzinin təşviqinə yönəlmiş strateji baxışının təzahürüdür.
Çıxışda həmçinin Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsi xüsusi vurğulandı. Prezident bu qərara görə həmkarlarına təşəkkür edərək bildirdi ki, bu ilin iyununda Laçında “MDB-nin Mədəniyyət Paytaxtı İli”nin rəsmi açılış mərasimi keçirilib və iştirakçılar qısa müddətdə şəhərin necə yenidən qurulduğunun şahidi olublar. “Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib,” – deyə dövlət başçısı qeyd etdi. Bu çıxış Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi bərpa və quruculuq siyasətinin beynəlxalq aləmdə nümunə kimi qəbul olunduğunu göstərir.
İlham Əliyev çıxışında Tacikistan xalqına və Prezident Emoməli Rəhmon şəxsində ölkə rəhbərliyinə səmimi təbriklərini çatdırdı. Qeyd olundu ki, Azərbaycan və Tacikistan arasında münasibətlər qardaşlıq, dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır. Son illərdə bu münasibətlər daha da dərinləşib, iqtisadi-ticarət əlaqələri genişlənib, humanitar və mədəni layihələr uğurla həyata keçirilib. Dövlət başçısı vurğuladı ki, qarşılıqlı səfərlər və imzalanmış sazişlər nəticəsində bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Prezidentin çıxışında irəli sürülən bütün fikirlər Azərbaycanın MDB məkanında dialoqa, qarşılıqlı hörmətə və davamlı inkişafa əsaslanan siyasət yürütməsini nümayiş etdirdi. Bu çıxış bir daha sübut etdi ki, Azərbaycan yalnız öz milli maraqlarını deyil, eyni zamanda regionun ümumi sabitliyi və rifahı üçün çalışan məsuliyyətli və etibarlı tərəfdaşdır.
Ziya Qurbanov,
Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkaşı
Müzakirə edin
Həmçinin oxuyun:

14 oktyabr 2025, Çərşənbə axşamı
Prezident İlham Əliyevin Düşənbədəki çıxışı – strateji baxışın təzahürü

05 iyul 2022, Çərşənbə axşamı
Azərbaycan region ölkələrinin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.