17 oktyabr – Füzuli şəhərinin azadlığı: qürur və zəfər günü
17 oktyabr tarixi Azərbaycan xalqının yaddaşına şanlı və qürurverici bir gün kimi həkk olunub. 2020-ci ilin məhz bu günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini düşmən işğalından azad etmişdir. Bu tarixi hadisə 44 günlük Vətən müharibəsinin ən həlledici anlarından biri olmaqla yanaşı, xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb.
Artıq 17 oktyabr ölkəmizdə rəsmi olaraq “Füzuli Şəhəri Günü” kimi qeyd olunur. Füzuli rayonu Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri kimi tarix boyu strateji və mənəvi əhəmiyyət daşıyıb. Zəngin təbiəti, memarlıq abidələri, xüsusilə türbələri ilə tanınan bu ərazi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra uzun illər ərzində viran edilib, tarixi-mədəni irsi dağıdılıb. Füzuli şəhəri və rayonun böyük hissəsi düşmən işğalı altında illərlə məhvə məruz qalsa da, xalqın qəlbində buraya qayıdış ümidi heç vaxt sönməmişdi.
2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Füzuli istiqamətində aparılan döyüşlər ən ağır və eyni zamanda ən strateji əməliyyatlardan biri oldu. Azərbaycan Ordusu şəhidlər verərək, qan tökərək 17 oktyabrda Füzuli şəhərinə üçrəngli bayrağımızı sancdı. Həmin gün şəhərlə bərabər Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri də işğaldan azad edildi. Ümumilikdə müharibə dövründə Füzuli rayonunun 62 yaşayış məntəqəsi düşməndən təmizləndi. Bu qələbə təkcə Füzuli üçün deyil, bütövlükdə cəbhənin digər istiqamətlərində üstünlüyümüzün təmin olunmasına və düşmənin müdafiə xəttinin yarılmasına ciddi təsir göstərdi.
Tarixi qələbənin əbədiləşdirilməsi məqsədilə 26 noyabr 2020-ci il tarixdə “Füzulinin azad olunmasına görə” medalı təsis olundu. Prezident İlham Əliyevin sərəncamı ilə bu əməliyyatlarda iştirak edərək igidlik göstərmiş 25.325 hərbi qulluqçu həmin medalla təltif edildi. 31 iyul 2023-cü il tarixində isə dövlət başçısının sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olundu və 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi rəsmiləşdirildi.
Bu gün Füzuli şəhəri Azərbaycanın dirçəliş simvollarından birinə çevrilib. Dövlətimizin rəhbərinin birbaşa nəzarəti ilə burada genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, müasir yollar, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri və sosial obyektlər tikilir. Şəhər “ağıllı şəhər” konsepsiyası əsasında yenidən qurulur və bu istiqamətdə ciddi addımlar atılır.
Füzulinin azad edilməsi yalnız hərbi zəfər deyil, həm də milli ruhun, vətən sevgisinin, tarixi ədalətin bərpasının rəmzidir. Bu gün azad Füzuli nəinki torpaq bütövlüyümüzün göstəricisi, həm də gələcəyə doğru inamla atılan addımlarımızın simvoludur.
Taleh Cəfərov,
Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı
Həmçinin oxuyun:

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.