- 2 sentyabr, 18:01
- 759 dəfə oxunub
- 0
Milli dövlətçilikdə yeni nəfəsin başlanğıcı
Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri, onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.
Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991- ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosia l- iqtisadi vəziyyət yaxşılaşdırıldı.
Müstəqilliyimizin bu çətin dönəmində, 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin sədri seçilib. Əslində Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində ulu öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açır. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17- də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinə Naxçıvanla başlanan xidməti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. O, bu günlərdə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olmaqla yanaşı milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi kimi çıxış edir. Milli ideyalara sədaqəti Ali Məclisin sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16 - da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi tarixi əhəmiyyətə malikdir.
Blokada şəraitində olan Naxçıvan Muxtar Respubliksının inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Qısa zamanda Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar yaradılmış, Naxcıvanın sosial – iqtisadi həyatında müsbət nəticələr əldə olunub. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə olan Naxçıvanda Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyə, tərəqqiyə və həmrəyliyə olundu.
1991-1993-cü illərdə respublikamızda hakimiyyət boşluğu səbəbindən çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarışıqlıq, anarxiya, xaos, hətta müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdik. Hətta, 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı yarandı. Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.
Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. "Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür - qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” – ulu öndər Heydər Əliyev demişdir.
Ziya Qurbanov,
Biləsuvar RİB Aparatının İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdir müavini