"Doqquz ay keçsə də, bələdiyyəmizin resursları barədə əlimizdə hələ də rəsmi və dəqiq məlumat yoxdur"
Üzvü olduğumuz Əsgərabad bələdiyyəsində Yuxarı Cürəli kəndini təmsil edirik. Bələdiyyə seçkilərindən doqquz aya yaxın vaxt keçməsinə baxmayaraq, bu günədək bələdiyyənin balansında olan torpaqlar, əmlak və digər resurslar barədə əlimizdə rəsmi və dəqiq məlumat yoxdur.
Bilesuvarinfo-ya müraciət edən Əsgərabad bələdiyyəsinin Aşağı Cürəli kəndi üzrə sədr müavini Bilal Əzizov bildirib ki, bələdiyyənin fəaliyyəti əvvəlki sədrin qanunsuzluqları səbəbilə ciddi çətinliklərlə üzləşir.
“Bələdiyyəyə seçildiyimiz gündən bu günə qədər Əsgərabad bələdiyyəsinin balansında olan torpaqlar, əmlak və digər resurslar haqqında rəsmi və dəqiq məlumat əldə edə bilməmişik. Bəllidir ki, bələdiyyənin mülkiyyətində 60 hektardan çox əkin və örüş torpaqları olmalıdır, lakin bu torpaqlardan kimlərin necə istifadə etdiyi barədə arxiv sənədləri olmadığı üçün məlumatsızıq”, – deyə B.Əzizov bildirir.
Bilal Əzizovun sözlərinə görə, bələdiyyəni təhvil alarkən arxiv sənədlərinin oğurlandığı deyilib və sabiq sədr Ruslan Seyidov bu barədə heç bir dəqiq məlumat vermir. Bu isə yeni bələdiyyə heyətinin fəaliyyətini faktiki olaraq iflic edib: “Bələdiyyələrin əsas gəlir mənbəyi torpaq icarəsi və yerli vergilərdir. Lakin nə torpaq xəritəsi, nə də arxiv sənədləri bizdə mövcud deyil. Bu vəziyyət, fəaliyyətimizi bərpa etməkdə böyük maneələr yaradır. Hesab edirik ki, arxivlərin yoxa çıxması məqsədli şəkildə təşkil olunub”.
Sədr müavini bildirir ki, 2015–2021-ci illər ərzində bələdiyyəyə rəhbərlik edən Ruslan Səidov bələdiyyəni ailəvi idarəetmə strukturuna çevirib. Onun sözlərinə görə:
- Həyat yoldaşı – baş vergi müfəttişi,
- Qaynatası – baş mühasib,
- Atası – bələdiyyənin baş meneceri olub.
- Ailə öz evini bələdiyyəyə 650 manata inzibati bina kimi kirayəyə verib.
Həmçinin, sabiq sədri yaxınlarının və ailə üzvlərinin adlarına yaradılmış MMC vasitəsilə 23 hektar əkin sahəsinin icarəyə götürüldüyü, 20-yə yaxın həyətyanı sahənin isə yaxın qohumlarının adlarına rəsmiləşdirildiyi iddia olunur.
“Aparılan daxili araşdırmalar nəticəsində bəlli olub ki, bəzi bələdiyyə torpaqları hətta digər rayonlardan olan şəxslərə icarəyə verilib ki, bu da mövcud qanunvericiliyə ziddir. Bələdiyyənin hesabına daxil olmalı olan icarə haqları isə illərdir ödənilməyib. Bu gün biz bəzi istifadəçiləri müəyyənləşdirsək də, onlar hələ də ödənişdən boyun qaçırırlar”, – deyə Əzizov bildirir.
Bilal Əzizov əlavə edir ki, bələdiyyə sədri olduğu müddətdə torpaq alqı-satqısı və icarəsi üzrə qanunvericiliklə tələb olunan sənədləşmələr yerinə yetirilməyib. Nəticədə sakinlər natamam sənədlərlə qalıb, bu isə onların mülkiyyət hüquqları ilə bağlı ciddi problemlər yaradıb. Ortaq örüş sahələrinin zəbt olunması sakinlərin təsərrüfat işlərini iflic vəziyyətə salıb.
Yeni rəhbərlik olaraq, bu problemlərin həlli üçün bütün imkanlarımızı səfərbər etmişik. Əsgərabad bələdiyyəsi olaraq, mövcud problemlərin həlli istiqamətində tədbirlər planı hazırlanıb və icrasına başlanılıb. Artıq kənddaxili yolların qumlanması işləri görülüb, küçə işıqlandırma sistemlərinin quraşdırılmasına da start verilib.
“Ümid edirik ki, aidiyyəti orqanlar bu məsələ ilə bağlı başladığı araşdırmalar tezliklə nəticə verəcək və günahkar şəxslər qanun qarşısında cavab verəcəklər. Arxiv sənədlərinin bərpası, torpaqların bələdiyyə balansına qaytarılması və təyinatına uyğun istifadəsi ilə fəaliyyətimizdə dönüş yarada biləcəyik”, – deyə Bilal Əzizov vurğulayıb.
Əsgərabad bələdiyyəsinin sədr müavini Bılal Əzizovun sabiq bələdiyyə sədrinə qarşı sələndirdiyi ittihamlarla bağlı Ruslan Seyidovla əlaqə saxladıq.
R. Seyidov bildirdi ki, sözlənənlər heç bir həqiqətə söykənmir: “Mən artıq 5 ildir bələdiyyə sədri deyiləm. B. Əzizov hələ bələdiyyədə çalışdğım bütün illərdə mənə qarşı qarayaxma kompaniyası aparıb. Söylədiyi nöqsanlarla bağlı dəfələrlə aidiyyəti orqalarda araşdırma aparılıb. Hüquq-mühavizə orqanları da şikayətlərini araşdırıb. Onun söylədiklərinin həqiqət olmadığı üzə çıxıb…”.
Həmçinin oxuyun:
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.