
Zülfüqar Nadir oğlu Əliyev 1950 ci il mart ayının 24 –də Biləsuvar rayonunun Təzəkənd kəndində dünyaya göz açıb. Böyük külfət sahibi olan Nadir kişinin 11 övladından üçünçüsü idi, Zülfüqar. Bu ailədə tərbiyə alan Zülfüqar Əliyevin sonradan cəmiyyətdə layiqli mövqe tutmasında, sayılıb-seçilən ziyalı kimi yetişməsində, xalqımızın adət-ənənələrinin, mədəniyyətinin zəngin bilicisi, sözlü-nəğməli sənətkarı kimi formalaşmasında Nadir atanın böyük əməyi olmuşdur.
19 yaşlı gəncin mədəniyyət-incəsənət sahəsinə qəlbən vurğunluğu, onun gələcək həyatı ilə bağlı qurduğu xəyallar dünyasının romantikası düşüncələrini büs-bütün bürümüşdü. Elə bu sevgi onu 1969 cu ildə Bakı Mədəni Maarif Texnikomunda təhsil aldığı müddətdə ilk iş fəaliyyətinə Biləsuvar (keçmiş Puşkin )rayon Mədəniyyət evində kitabxanaçı vəzifəsinə gətirmişdir. Böyük arzuları onu hərbi xidmətdən sonra yenidən Azərbaycan Dövlət İncəsənət İnstitutunun tələbəsi edir. “Mədəni maarif işçisi. Özfəaliyyət teatr kollektivi rəhbəri”ixtisasına yiyələnir.
Həmin illərdə o, Azərbaycan mədəniyyətinin-incəsənətinin tanınmış nəhəng simaları, kino-teatr sahəsində möhürünü vurmuş xalq artistləri Rasim Balayev, Telman Adıgözəlov, Ramiz Novruz, Kubra Əliyeva, Gülşən Qurbanova kimi bənzərsiz sənətkarlarla yaxın təmas ququr, eyni səhnəni bölüşmək imkanı qazanır.
Ali təhsilini başa vurduqdan sonra mədəniyyət sahəsində püxtələşən 21 yaşlı gənc Zülfüqar Əliyev doğma rayonuna dönür. 1971- ci ildə Biləsuvar Rayon Mədəniyyət (Evi) Mərkəzinin direktoru təyin edilir. Gənc, enerjili, istedadlı və bacarıqlı sənət adamı ilk gündən burda onlarla gənci ətrafına toplaya bilir, onları bu sahədə təhsil almağa həvəsləndirirdi. İstəyinə nail ola bilir. Gənclərin incəsənət sahəsinə marağının artması nəticəsində rayonda dövlət tərəfindən möhtəşəm Mədəniyyət Mərkəzinin tikilməsinə qərar verildi. Bundan sonra Mərkəzdə daha möhtəşəm və təm-təraqlı tədbirlər geniş vüsət almağa başlayır. Paytaxtdan gələn Xalq artistlərinin ,xanəndələrin müxtəlif dram teatrlarının vaxtaşırı çıxışlarının sayı günü- gündən artdı.
Ümumilikdə rayon Mədəniyyətinin inkişafında layiqli töhfələr vermiş, ömrünü mədəniyyətə, incəsənətə həsr etmiş Zülfüqar müəllim, öz təşəbbüsü ilə 80-ci illərdə də bir-birinin ardınca çoxlu uğurlara imza atıb. 1986 cı ildə “Şəhriyar” və “Muğan” estrada ansanbılını, 1987 ci ildə ilk folklor rəqs qrupunu yaratmaqla bir çox televiziya proqramlarında və dövlət tədbirlərində çıxış edirlər. Mədəniyyətin canlanması rayonda keçirilən bayram tədbirlərinə, el şənliklərinə sanki yeni ruh verir.
Əslində Zülfüqar müəllim çalışdığı illər ərzində heç bir təmənna ummadan ərsəyə gətirdiyi layihələrdən özü də zövq almışdır. Onun üçün “çətindir”, “mümkün deyil” ifadəsi olmayıb. Bu cür büllur ömür sahibi İşlədiyi dövrlərdə daim istedadlı gənclərin inkişafına dəstək vermişdir. 26 il rayon Mədəniyyət Mərkəzinə rəhbərlik etdikdən sonra Rayon Dövlət Rəsm Qalereyasının rəhbəri kimi fəaliyyətini davam etdirmişdir.
Fədakar mədəniyyət işçisi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhid oğullarımızın əbədi yaddaşlara həkk olunması üçün, eləcə də Qarabağ həqiqətlərini əks etdirən onlarla yerli və beynəlxalq rəsm əsərlərinin sərgi təşkilatçısı olub. Rayonunun 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidləri haqqında kitabın ərsəyə gəlməsində yaxından iştirak etmişdir. Bu vətənpərvərlik, xalqına, millətinə olan sonsuz sevgi Zülfüqar müəllimdə təsadüfi deyil, evdən başlayırdı. AZƏR, ŞƏHRİYAR, ASİMAN adlı üç oğul övladına qoyduğu sevgi dolu adlar, onun yaşadığı məmləkətimizə, doğma yurdu Biləsuvarın tarixi- kökünə olan dərin məhəbbətinin səsi idi. Vətəninə sadiq böyüyən bu övladlar da indi ali təhsilli müəllim, mühəndis kimi yetişərək xalqın xidmətindədirlər.
Zülfüqar müəllimin kiçik qardaşı Sədrəddin Əliyev qardaşı ilə bağlı xatirələrini bizimlə bölüşür. Deyir ki, 3 il öncə Qarabağımız-Şuşa şəhəri yağılardan azad olarkən Zülfüqar müəllim göz yaşlarını sel kimi axıtdı.
“Mədəniyyət beşiyi idi, Şuşa Azərbaycanın. Baxan gözümüz, danışan dilimiz idi, bu bənzərsiz şəhər. Çox şükürlər olsun, Allaha. Şəhidlərimizin qanı,canı ilə azad etdi ordumuz. Var olsun, cənab Ali Baş Komandanımız! 70 yaşımda bunu gördüm, qəlbimdə başqa istəyim qalmadı, qurbanlığı aparıb Şuşada kəsib ehsan edəcəm. Deyərsiz, Şuşasız ölmədim mən də! ” dedi, Zülfüqar qardaşım. Onun niyət etdiyi qurbanlıq arzusunu özüm tezliklə Şuşada reallaşdıracam.
Bəli, 73 il ömür sürən Veteran mədəniyyət işçisi, incəsət ustası, məclislərin sazlı –sözlü nəğməkar şairi Zülfüqar Əliyev yaşadığı bu şərəfli ömrün düz 44 ilini sərasər yorulmadan yaradıcılıqla məşqul oldu. Dövrünün bir çox mükafatlarına layiq görüldü. 4 övlad, 8 nəvə sahibi olan Zülfüqar müəllim, onu tanıyanların yaddaşında qayğıkeş insan, bacarıqlı mədəniyyət işçisi, gözəl ailə başçısı, mədəni bir insan kimi qalmışdır. Son nəfəsində belə Allaha əmanət etdiyi övladları bu gün onun adını uca tutmaqdan ötrü əllərindən gələni əsirgəmir. Bu ocaqda isə onun sağılğında adını verdiyi oğul nəvəsi balaca Zülfüqar böyüyür.
Ruhun şad, yerin Behişt olsun, Zülfüqar müəllim.
Samir Qurbanov



