Biləsuvar Rayon icra Hakimiyyətinin başçısı Faiq Qürbətov "Sabahın Alimləri" XIV Respublika Layihə Müsabiqəsində Tibb və Sağlamlıq nominasiyası üzrə I yerə layiq görülərək qızıl medalla təltif olunan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin X sinif şagirdləri Əlizadə Leylanı, Quluzadə Gülayı və Dənizli şəhərinin Çameli Bələdiyyəsinin dəvəti ilə “23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı”nda iştirak etmək üçün Türkiyə Cümhuriyyətinə səfər etmiş kompleksin bir qrup müəllim və şagirdlərini qəbul edib.
Görüş zamanı İcra başçısı hər iki şagirdi qazandıqları yüksək uğura və qızıl medala görə təbrik edərək, onları ABŞ-da keçiriləcək "Regeneron ISEF" (International Science and Engineering Fair) beynəlxalq müsabiqəsində ölkəmizi layiqincə təmsil etmələrində uğurlar arzulayıb. Natiq qeyd edib ki, təhsil sahəsi ölkə başçısının hər zaman diqqət mərkəzində saxlanılmaqla, bu sahə bütövlükdə dövlət qayğısı ilə tam əhatə olunub. İcra başçısı şagirdlər arasında keçirilən oimpiadaların yüksək əhəmiyyətindən danışaraq, uğur qazanan şagirdləri bir daha təbrik edərək, onların fənn müəllimlərinə təşəkkürünü bildirib.
İcra başçısı görüş zamanı Çameli Bələdiyyəsinin dəvəti ilə “23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı”nda iştirak etmək üçün Türkiyə Cümhuriyyətinə səfər etmiş kompleksin müəllim və şagirdlərinə bu formatda səfərlərin təşkilində əsas məqsədin eyni dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olan qardaş Türkiyə və Azərbaycan xalqları arasında əməkdaşlığımızın daha da yüksək səviyyədə inkişafına nail olacağını bildirib.
Faiq Qürbətov bildirib ki, hər iki qardaş şəhərin təhsil müəssisələri, liseyləri və digər sahələri arasında qarşılıqlı əlaqələrin qurulması, elmi mübadilələrin aparılması, təcrübələrin qarşılıqlı olaraq paylaşdırılması yalnız bu formatda təşkil edilən görüşlər nəticəsində inkişaf edəcək və qurulan hərtərəfli əlaqələr daha da güclənəcəkdir.
Görüşdə Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov çıxış edərək kompleksin uğurlarından danışıb və ABŞ-da keçiriləcək "Regeneron ISEF" (International Science and Engineering Fair) beynəlxalq müsabiqəsində ölkəmizi layiqincə təmsil edəcək şagirdlərə uğurlar arzulayıb.
İcraçı direktor qardaş Türkiyəyə baş tutan səfərin ərsəyə gəlməsində göstərdikləri köməyə görə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətova və Çameli Bələdiyyə sədri Cengiz Arslana Kompleksin kollektivi adından minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.