» » O, vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən polis məmururdur


O, vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən polis məmururdur

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Biləsuvar rayon polis şöbəsinin rəisi, polis polkovniki Nəsib Məmmədov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Biləsuvar rayon polis şöbəsinin rəisi Nəsib Məmmədov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir polis məmuru haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün ümumiyyətlə məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Biləsuvar rayon polis şöbəsinin rəisi, polis polkovniki Nəsib Məmmədov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən polis MƏMURlarındandır.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Nəsib Məmmədovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Nəsib müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir rəhbər sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

Biləsuvar rayon polis şöbəsinin rəisi, polis polkovniki Nəsib Məmmədovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Nəsib müəllimin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Biləsuvar rayon polis şöbəsinin rəisi, polis polkovniki Nəsib Məmmədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı polis rəisi, gözəl insan və əsl Vətən daşı!

Baloglan Mirzəli,
Şair-publisist.
(Azerinform.az)
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan