Çadr
» » “…Ulduz kimi parlayan yetirmələrim və övladlarım Allahın mənə verdiyi uca təltifdir”


“…Ulduz kimi parlayan yetirmələrim və övladlarım Allahın mənə verdiyi uca təltifdir”

02 aprel 2025, Çərşənbə
1 831
0

Aydın müəllim – ömrünü maarifə həsr etmiş bir ziyalı

Onu hər kəs yüksək erudisiyalı, bilikli, elinə-obasına ürəkdən bağlı, dostlarına doğma nəvazişini əsirgəməyən bir ziyalı kimi tanıyır. 76 illik ömrünü müəllimlik peşəsinə həsr edən Aydın müəllimin təhsil sahəsində gördüyü işlər bu gün də böyük hörmət və minnətdarlıqla xatırlanır. Yardımlıdan başlanan, Biləsuvarda davam edən şərəfli, bir qədər də həzin ömür yolu bu rayonların insanlarının qəlbində iz salıb.


Aydın İmanxan oğlu Əbilov 1949-cu ildə Yardımlı rayonunun Alar kəndində anadan olub. Birinci sinifə doğma kənd məktəbində başlayıb, səkkizillik təhsilini Hamarkənd məktəbində, orta təhsilini isə Yardımlı qəsəbə 1 saylı məktəbdə başa vurub. Orta məktəbi yüksək qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub və Azərbaycan dili və ədəbiyyatı ixtisasına yiyələnib.


1975-ci ildə hərbi xidmətdən qayıdan Aydın müəllim, hələ qiyabi təhsil aldığı illərdə doğma kənd məktəbində pedaqoji fəaliyyətə başlayıb. 1976-cı ildə Alar kənd məktəbinə direktor müavini təyin edilib, iki il sonra isə məktəbin direktoru olub. Onun təşkilatçılığı və işinə məsuliyyətlə yanaşması qısa zamanda məktəbin həyatında müsbət dəyişikliklər yaradıb.


Bu uğurlar diqqətdən kənarda qalmayıb. 1980-ci ilin sentyabrında Aydın Əbilov Yardımlı rayon Xalq Maarif Şöbəsinin müdiri təyin edilib və bu vəzifədə 12 il səmərəli fəaliyyət göstərib. O illər Yardımlı təhsilinin intibah dövrü kimi xatırlanır.

Aydın müəllimin rəhbərliyi ilə məktəb şəbəkəsi genişlənib, bir çox təhsil ocaqları üçün yeni binalar tikilib. 1980-ci ildə rayonda 16 ibtidai məktəb kirayə evlərdə yerləşirdi. Az vaxtda bu məktəblərin hər biri üçün yeni binalar inşa olunub. Onun təşəbbüsü ilə Gənc təbiətçilər və texniklər stansiyası, Şahmat məktəbi, Uşaq-Gənclər İdman məktəbi kimi müəssisələr fəaliyyətə başlayıb. Bu gün də həmin ocaqlar öz uğurlu yolunu davam etdirir.


Aydın müəllim daim istedadlı uşaqların üzə çıxarılmasına, onların xüsusi təhsilə yönləndirilməsinə, gələcək karyeralarının formalaşmasına böyük önəm verib. Onun sözləri ilə desək:

“Təhsildə uğur qazanmaq üçün savadlı, işgüzar, pedaqoji cəhətdən hazırlıqlı müəllimlərə ehtiyac var. Biz müəllimlərimizlə dost idik, onlarla birgə öyrənir, öyrədirdik. Həmin şagirdlər bu gün dünyanın müxtəlif ölkələrində uğurlar qazanıblar. Onlar ‘müəllimim’ deyəndə böyük qürur hissi keçirirəm.”


1992-ci ildə ölkədə baş verən dəyişikliklərdən sonra o, ailəsi ilə birlikdə Biləsuvar rayonuna köçüb. 1999-cu ildən İsmətli kənd orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb, daha sonra məktəbin direktoru olub. Onun təşəbbüsü ilə kənddə yeni məktəb binası tikilib və müasir təhsil mühiti formalaşdırılıb.


Hazırda təqaüddə olan Aydın müəllim sadə təbiəti, təvazökarlığı, mədəni davranışı və insanpərvərliyi ilə tanınır. İşlədiyi illərdə Azərbaycan Respublikası Maarif Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunub. O, özü haqqında verilən suallara həmişə təvazökar cavab verir:

“Mənim üçün ən böyük təltif ulduz kimi parlayan yetirmələrim, övladlarım və nəvələrimdir. Onların uğurları mənim mükafatımdır.”


Bəli, Aydın müəllim işıqlı əməlləri ilə xalqın yaddaşında əsl ziyalı kimi qalır. El üçün yaşanan ömür təkcə sahibinə deyil, nurlandırdığı insanlara da məxsusdur. Dəyərli şairimiz Musa Yaqubun dediyi kimi:

İnsanla həmyaşdır,
Ölməz, yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir, səndədir – müəllim ömrü.


✍️ Qələmə aldı: Surxay Şahbazov

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.