- 21 iyul, 09:46
- 1 200 dəfə oxunub
- 0
Ziyalısız cəmiyyət soyuq mənzil kimidir.. .
Cəmiyyət həmişə belə insanların çiynində irəli gedib. Çünki bu insanlar haqdan əsl ziyalı doğulublar. Taledən onların alnına bir ziyalı ömrü yaşamaq yazılıb, həyatda bir ziyalı missiyasını daşımaq hökmü verilib. Bunlar milyonların içərisindən Tanrının seçdikləridir. . .
Belə ağsaqqal ziyalılarımızdan olan Sahibəli Mirzəyev də özünə məxsus bir həyat yolu keçmişdir. Həyatın şirinli - acılı xatirələrini dadıb, ömrün ahıl çağına çatıb.
Biləsuvarda hər kəsin yaxından tanıdığı, öz peşəsini ürəkdən sevən Sahibəli Qulaməli oğlu Mirzəyev 1938 –ci il dekabr ayının 28–də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. 1956 – cı ildə kənd orta məktəbini müvəffəqiyyətlə bitirib və elə həmən il Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. Parlaq istedad sahibi olan gənc tələbə universitet uğurlarının ardınca yeni həyata vəsiqə qazanır.
1961 –ci ildən təyinatı üzrə Biləsuvar
rayonuna gəlir, tarix müəllimi kimi pedoqoji fəaliyyətə başlayır. Ağayrı kəndində, daha sonra isə şəhər Nizami adına 1 saylı tam orta məktəbdə fəaliyyətini davam etdirərək məktəbin direktor müavini vəzifəsinədək yüksəlir.
Onun peşəkarlığı, iş qabiliyyəti və bacarığı nəzərə alınaraq 1971 – cil də Azərbaycan Respublikası “Bilik” cəmiyyəti Biləsuvar təşkilatının məsul katibi, 1973 –cü ildə rayon partiya komitəsinə əvvəlcə təlimatçı, sonra “Siyasi maarif” kabinetinin müdirü kimi ictimai vəzifələrə önə çəkilir. Pedoqoji fəaliyyəti ilə yanaşı, ona həvalə olunmuş dövrün aparıcı vəzifələrini də layiqincə icra edən Sahibəli müəllim 1975 –1979 – cu illərdə Azərbaycan Kommunist Partiyası Puşkin ( Biləsuvar) rayon komitəsinin təbliğat – təşviqat şöbəsinin müdiri kimi rəhbər vəzifələrinn öhdəsindən uğurla gəlib. 1980 – cı ildə Biləsuvar rayon qiyabi orta məktəbinin direktoru, 1981 – ci ildən 1989- cu ilədək “Oktyabr” kolxozunda Azad partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1989-cu ildən 1991 – ci ilin dekabrına kimi Biləsuvar rayon 146 saylı orta Texniki Peşə məktəbin direktoru işləmişdir.
Yuxarıda qeyd etdiyimiz, onun işlədiyi bu dövrlərdəki əmək fəaliyyəti yüksək qiymətləndirilərək müxtəlif mükafatlarlar, fəxri fərman və diplomlarla qiymətləndirilmişdir.1993 – cu ildən yorulmadan şəhər 4 saylı orta məktəbdə ixtisası üzrə tarix fənnini tədris etmiş Sahibəli müəllim bu gün öz yetirmələri ilə fəxr edir, onların xoş soraqlarını eşidəndə fərəhini gizlətmir. O, gənc nəslin həyata düzgün istiqamətlənməsində əvəzsiz xidmətlər göstərib. Çünki ziyalı bütöv bir xalqın, millətin xoşbəxtliyinin nurlu mayakı, bu günü və sabahıdır.
Uzun illərdir rayon “ Ziyalılar” cəmiyyətinə rəhbərlik edən Sahibəli Mirzəyev, doğma Biləsuvarının ictimai-siyasi və mədəni həyatında da fəal iştirak edir. 2008-ci ilin 07 oktyabrında ölkə başçısı cənab İlham Əliyevin Biləsuvara səfəri zamanı, Biləsuvar ictimaiyyəti adından onu salamlamaq və qarşısında çıxış etmək kimi unudulmaz və şərəfli bir anı da yaşamışdır, Sahibəli müəllim.
Üç övlad atası, beş nəvənin, altı nəticənin istəkli babası və gözəl ailə başçısı olan Sahibəli müəllim ömrünün 84 -cü baharını yaşasa da, yenə yaşadığı cəmiyyətçün gərəkli olmağa çalışır, eli üçün faydalı işlərdə nəsihətlərini qalmır.
Doğrudan da çox maraqlıdır, bütün şuurlu həyatını elmə, təhsilə və mütaliəyə həsr edən Sahibəli müəllimin yaşının bu müdrik çağında bir gənclik enerjisi ilə çalışmasının sirri nədədir?. Gülümsəyərək deyir:
- Çətinlikdən qorxmamışam, həmişə işləmişəm. Həyatımı işimə, ailəmə və uşaqlarıma sərf etmişəm. Qeybətdən uzaq olmuşam, ən əsası isə, paxıllıq etməmişəm, ziyalı, dünyagörüşlü insanlara dost, yoldaş münasibəti bəsləmişəm, gözü – könlü
tox olmuşam. Bir sözlə, sadə, şərəf və ləyaqətlə dolu bir müəllim ömrü yaşamışam. Budur məni ruhlandıran, gələcəyə nikbin baxmağa sövq edən.
Samir Qurbanov,
"Region- press"