» » “DİM abituriyent və tələbələrdən təhsil müddətində aldıqları bilikləri tələb etməlidir” — Ekspertdən İRAD


“DİM abituriyent və tələbələrdən təhsil müddətində aldıqları bilikləri tələb etməlidir” — Ekspertdən İRAD


“Esse tələbi o zaman ağlabatan qərar olar ki, ümumi təhsil məktəblərinin məzunlarının ən azı 50 faizi xarici dil bilgisinə sahib olsun. Ali məktəb məzunlarının isə ən azı 70 faizi universitet auditoriyasından xarici dili öyrənib, çıxa bilsin. Daha aydın desək, DİM-in abituriyent və tələbələrdən təhsil müddətində aldıqları bilikləri tələb etməsi daha düzgündür”.

Bunu təhsil eksperti Rizvan Fikrətoğlu magistratura imtahanlarına edilən dəyişikliklə bağlı fikirlərini bölüşərkən deyib.  

Ekspert sözügedən yeniliyin müəyyən problemlər yaradacağını düşünür:

“Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzinin magistraturaya qəbul qaydalarını çətinləşdirməsi yenidən tələbə olmaq istəyənlərin müxtəlif proqramlara müraciət edərək rahat şəkildə xaricdə təhsil almağa üstünlük vermələrinə gətirib çıxaracaq. 

Məzuna "zəhmət çəkib öyrənərdin" və ya "hazırlığa get, öyrən" demək də düzgün olmaz. Hər yenilik repetitorların, kursların, “Əlabbasın torbası”nı genişləndirəcəksə, bu, inkişaf deyil. Gənclərin dil problemini hələ orta məktəbdən, ali məktəbdən başlayaraq həll etmək lazımdır. 

Ümumiyyətlə, magistratura imtahanını çətinləşdirməyin müsbət tərəfləri məqbul hesab edilə bilməz. Gənclərin xarici dil biliklərinin artırılması üçün esse yazma bacarıqlarının inkişaf etdirilməsi ali məktəbdə tədris prosesində normal tələb hesab edilə bilər”.

R.Fikrətoğlu hesab edir ki, şəxs magistraturaya qəbul olmaq istəyirsə və bir neçə mərhələ keçibsə, esse yazmaq, tənqidi mühakimə yürütmək qabiliyyəti olmalıdır:

“Amma burada da istedad məsələsi var. Məsələn, şəxs IT mütəxəssisidir, sahəsini yaxşı bilir. O, esse yaza bilmir deyə, biliyinin zəif olduğu qənaətinə gəlmək doğru deyil. Əksini də düşünə bilərik - kimsə yaxşı danışa, yaza bilirsə, istedadlıdır demək deyil. Bu yenilik sadəcə bir qisim insanın istedadını üzə çıxara biləcək. 

Başqa bir məsələ yoxlama prosesində insan amilinin olmasıdır. Belə desək, esse yazanın bilikləri və dünyagörüşü ilə onu yoxlayan şəxsin bilik və dünyagörüşü fərqlilik yarada bilər. Bu da qiymətləndirmədə problem ola bilər. Əvvəlcə esse ilə bağlı bir sıra addımlar atılmalı, alınan nəticələrə uyğun hərəkət edilməlidir. Bunun birbaşa imtaha salınması düzgün deyil”.

Qeyd edək ki, DİM magistraturaya qəbul imtahanına dəyişiklik edib. Artıq bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün ingilis dilində onlara təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında fikirlərini ifadə edəcəklər.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan