» » Siyasi həmrəylik nümunəsi


Siyasi həmrəylik nümunəsi

         15 iyun Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. Ulu öndər Heydər Əliyev 29 il əvvəl bu gündə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, bu gün isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Bu baxımdan da bir il bundan əvvəl imzalanan Şuşa Bəyannaməsinin müstəsna siyasi, iqtisadi, hərbi, elmi, mənəvi və tarixi əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır.

Ilk növbədə bu sənəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan  Azərbaycan Türkiyə münasibətlərini daha da gücləndirərək yeni bir mərhələnin əsasını qoydu. Digər tərəfdən Ermənistan revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda belə bir sənədin imzalanması xüsusi rəmzi məna daşıdı. Məlumdur ki, Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda həm ermənilər, həm də onlara havadarlıq edən qüvvələr fikirlər səsləndirmiş və bunun üçün cəhdlər göstəriblər. Lakin Şuşada imzalanan Bəyyannamə bu məsələni tarixin arxivinə göndərdi.

           Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir və bunun tarixi çox qədimdir. Bizim ortaq etnik köklərimiz, mədəniyyyətimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız var. Tarixən bir-birimizə arxa-dayaq olmağımız bu birliyi, bu qardaşlığı, bu təəssübkeşliyi təmin etmişdir. Lakin bununla yanaşı, regionda və dünyada gedən prosesləri, geosiyasi vəziyyəti düzgün təhlil edərək, gələcək strateji hədəfləri müəyyən etmək və qarşılıqlı etimad və etibar əsasında qərarlar qəbul etmək vacibdir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın fəaliyyəti, həyata keçirdikləri siyasət iki qardaş dövlət üçün deyil, həm də Türk dünyası, region və dünya üçün tarixi hadisədir. Həmin sənəddə diqqəti cəlb edən məsələlərdən biri də beynəlxalq əhəmiyyət kəsb edən layihələrin reallşmasıdır. Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Bu layihə nəinki bölgə, region üçün, həm də  dünya üçün vacib və mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənubi-Şərqi Avropada və Qafqazda iqtisadi artımın  güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir. 
         
     Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi əsasında qurulan əməkdaşlıq, müttəfiqlik getdikcə daha da inkişaf edəcək, addım-addım növbəti uğurlara nail olacaqdır. Elə bu günlərdə Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” da hər iki liderin Şuşa Bəyannaməsinə istinad etmələri, birlik, qardaşlıq mesajları vermələri bu fikirləri bir daha təsdiq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk.” Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycan gücü, Azərbaycan gücü də bizim gücümüzdür.” Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə qardaşlığının, birliyini bütün dünyaya bildirən bir mesajdır.   
                                 Elmin Nuri, 
                                 tarixçi müəllim     
                                       
                                                ,
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR