» » Qurtuluşdan - Tərəqiyyə, Tərəqqidən - Zəfərə gedən yol


Qurtuluşdan - Tərəqiyyə, Tərəqqidən - Zəfərə gedən yol

Tarixə nəzər salsaq görərik ki, hər bir xalqın taleyini həll edən müəyyən günlər vardır və həmin günlər o xalqın gələcəyini müəyyən edir. Azərbaycan xalqının da belə günlərindən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun – Milli Qurtuluş Günüdür.

Bu gün Azərbaycanın siyasi təqvimində çox mühüm əhəmiyyət kəsb edən bir gündür. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafın təməli qoyulub. Belə ki, bu günkü uğurlarımız, əldə olunan nailiyyətlər, yaşanılan sevincli günlər məhz Qurtuluş tariximizin təntənəsidir.

Bu tarixin belə təntənə ilə qeyd olunmasının  çox ciddi əsasları var. Məlumdur ki, 1990-cı illərin əvvəlində müstəqilliyini elan etmiş Azərbaycanda dərin böhran hökm sürürdü. Bir tərəfdən Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, digər tərəfindən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Bu proses 1993-cü ilin iyun ayında özünün kuliminasiya nöqtəsinə çatdı və o zamankı hakimiyyətin səriştəsiz siyasəti nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Azərbaycanı bu təhlükəli vəziyyətdən yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Məhz belə bir zamanda Azərbaycan xalqı ölkənin inkişaf yolunu Heydər Əliyevin simasında görür və ona müraciət edərək onu Bakıya dəvət edir. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Ümummilli Lider Heydər Əliyevin Bakıya gəlişi Azərbaycanın taleyindəki nigaranlığa son qoydu. Ulu Öndərin Bakıya gəlişi Azərbaycan xalqında böyük ümidlər yaratdı və iyunun 15-də Azərbaycan Parlamentinin sədri seçildi. 

Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Hər bir dövlətin inkişafında  və tərəqqisində  siyasi sabitliyin əsas amil olduğunu önə çəkən Ümummilli Lider Heydər Əliyev Azərbaycanı o illərin xaosundan, anarxiyasından, özbaşınalıqlarından xilas etdi. Ulu Öndər xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi. Ona görə də, 15 iyun tarixi haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu mühüm tarixi gün 1997-ci ildən etibarən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, - deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də ölkəmizdə siyasi varisliyin təmin edilməsi oldu. Prezident cənab İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi Azərbaycanın daha da güclənməsinə səbəb oldu. Xalqımızın ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvəti ilə  Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu.  Tarixə Milli Qurtuluş Günü  kimi yazılan 15 iyundan başlanan yol  2020-ci ildə xalqımıza Zəfər  sevincini yaşatdı.

Ulu öndər Heydər Əliyevin  ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində bu əminliyi böyük inamla ifadə etmişdir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ölkə Prezidenti,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu arzunu reallaşdırdı.  44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoyuldu, ədalət bərpa edildi. Azərbaycan  Vətən müharibəsində tarixi Zəfəri ilə kimin kim olduğunu dünyaya bəyan etdi. 

Bu gün Müstəqil Azərbaycanımızın memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin, eləcə də, torpaqlarımızın işğaldan azad olunmasında, ərazi bütövlüyümüzün təmin olunmasında canından keçmiş bütün şəhidlərimizin ruhları şaddır. Çünki, ulu öndər Heydər Əliyevin müqəddəs arzuları, “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” – deyən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirildi. Müdrik xalqımız şanlı tariximizə qızıl hərflərlə yazılan möhtəşəm qələbəyə imza atdı.

Fəxr və qürurla deyə bilərik ki,bu gün Azərbaycan Dövləti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə heç zaman olmadığı qədər güclüdür və müstəqil, azad, qalib Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Samir Ağayev
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR