- 23 may, 10:39
- 575 dəfə oxunub
- 0
Ölkəmizin beynəlxalq əlaqələri günü-gündən genişlənir
Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra ölkələrlə, o cümlədən, Baltikyanı respublikalarla əməkdaşlığa xüsusi önəm verib. Avropada özünəməxsus iqtisadi-coğrafi mövqeyi olan Litva Respublikası Azərbaycanla çox geniş iqtisadi və siyasi əlaqələrə malikdir. Litvayla yüksək səviyyəli dialoq və əməkdaşlıq qurulub və bu gün də bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atılır.
Məlum olduğu kimi, mayın 18-də Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri, Prezident İlham Əliyevlə keçirilən təkbətək və geniş tərkibdə görüş, dövlət başçılarının mətbuata birgə bəyanatları, həmçinin Azərbaycan-Litva biznes-forumunda müzakirə edilən məsələlər mövcud tərəfdaşlığı daha da gücləndirmək üçün real zəmin formalaşdırdı. Hər iki dövlət arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur. Ölkəmizin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir.
Belə ki, həmin tarixi səfər çərçivəsində bir çox mühüm sənədlər imzalanmışdı. Onlardan ən əhəmiyyətlisi isə “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında” birgə bəyannamə idi. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaratmış oldu. Həmin vaxt dövlət başçılarının geniş tərkibdə görüşündə Prezident İlham Əliyev demişdi: “Biz Litva ilə münasibətlərə böyük əhəmiyyət veririk və bu münasibətlər son vaxtlar xeyli inkişaf etmişdir.
Litva və Azərbaycan vahid mövqelərdən çıxış edirlər, ölkələrimiz arasında heç bir problem yoxdur və əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir.”
Dövlət başçımızın dediyi sözlər bu gün gedən proseslərdə öz təsdiqini tam olaraq tapır.
Azərbaycanda investorlar üçün əlverişli biznes mühitinin yaradıldığını xatırladan dövlət başçımız canab İlham Əliyev vurğulayıb ki, xarici şirkətlərin sərmayə qoyluşunun şaxələndirilməsi də çox vacibdir və Azərbaycanın investisiya proqramlarının ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyalar yatırılır. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək-elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanıb ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir. İki ölkənin müxtəlif sahələrdəki əməkdaşlıq imkanları Azərbaycan-Litva biznes-forumunda yeni mərhələyə qədəm qoydu. Forumun sonunda iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafına təkan verəcək daha 6 sənəd imzalandı.
Cənab Prezident İlham Əliyev Azərbaycanın təmsil olunduğu bütün tədbirlərdə Ermənistanın bölgədə apardığı pozuculuq fəaliyyəti, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiaları, beynəlxalq hüquq normalarına məhəl qoymaması, Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqların qəsdən və bilərəkdən pozması, son nəticədə məsələnin hərbi yolla həllinə gətirib çıxarması haqqında geniş və izahlı məlumat verir.
Cənab Prezident İlham Əliyev Azərbaycan-Litva biznes formunun iştrakçılarına Ermənistanın sərgilədiyi mövqe və 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət haqqında geniş məlumat verdi. Prezident İlham Əliyev bir daha Azərbaycanın mövqeyini ifadə edərək bildirib ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Həm də nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün əvvəllər heç zaman mövcud olmamış geniş imkanlar meydana çıxıb.
Təəssüflər olsun ki, yalnız Ermənistan indiyə qədər hələ də Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Cənab Prezident bildirdi ki, Azərbaycanla- Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsalanan 5 prinsip müəyyənləşdirilərək Ermənistana təqdim edilmişdir.Ermənistan sözdə bu prinsipləri qəbul etdiyini bildirsə də faktiki fəaliyyətlərində bunun icrası istiqamətində lazımı işləri görmür. Bu da onların probleminin həllində maraqlı olmadıqlarının göstəricisidir.
Digər tərəfdən Ermənistanın mövcud iqtidarı xarici təsirlər və revonşist qüvvələr qarşısında acizdir və sərbəst qərar qəbul etməkdən çəkinirlər. Lakin mövcud reallıq onu deməyə əsas verir ki, proseslər ləng getsə də son nəticədə regionda sabitliyə və əməkdaşlığa nail olunacaqdır.
Samir Ağayev,
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı