Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Üçrəngli Bayrağımız – Müstəqilliyimizin və qürurumuzun rəmzi


Üçrəngli Bayrağımız – Müstəqilliyimizin və qürurumuzun rəmzi

07 noyabr 2025, Cümə
125
0


Bu gün üçrəngli, ay-ulduzlu bayrağımızın ucaldığı hər bir məkanda Vətən sevgisi, milli qürur və dövlətçilik duyğusu dalğalanır. Bayrağımız — azadlığımızın, müstəqilliyimizin və milli kimliyimizin ən ali rəmzidir. O, hər bir azərbaycanlının qəlbində ucalan bir dəyər, minlərlə şəhidin canı bahasına qorunan müqəddəs simvoldur.


Azərbaycanın Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qəbul edilib. Lakin 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra bu bayraq endirildi və onun yenidən ucaldılması üçün tam 70 il gözləmək lazım gəldi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli bayraq yenidən ucaldıldı. Bu tarixi qərar milli dövlətçilik yolunda dönüş nöqtəsinə çevrildi. Az sonra – 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin bayraq ümumrespublika səviyyəsində Dövlət Bayrağı kimi qəbul olundu. Həmin ilin oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmiz Cümhuriyyətin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən bayrağını bərpa etdi.

2004-cü il iyunun 8-də qəbul edilən “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanunla bu sahədə hüquqi əsaslar daha da möhkəmləndirildi.

Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir: mavi, qırmızı və yaşıl. Qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunub. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Mavi rəng – xalqımızın türk mənşəyini və türkçülük ideyasını,
qırmızı – müasirlik, azadlıq və inkişaf arzusunu,
yaşıl isə – İslam mədəniyyətinə mənsubiyyətimizi ifadə edir.

Ulu Öndər Heydər Əliyev Dövlət Bayrağımızın mənasını belə səciyyələndirirdi:
“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də hər bir azərbaycanlı, xüsusən gənc nəsil bunu dərk etməlidir.”

Bayraq xalqımız üçün şərəf və ləyaqət simvoludur. Tarix boyu o, milli kimliyimizin, azadlıq ruhumuzun, dövlətçilik ənənələrimizin ayrılmaz nişanəsi kimi dəyərləndirilib.

Prezident İlham Əliyev də bu rəmzə xüsusi ehtiramla yanaşır, onun mənəvi gücünü belə ifadə edir:
“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir.”

Bu gün üçrəngli bayrağımız dövlət idarələrinin, diplomatik nümayəndəliklərin binasında, beynəlxalq tədbirlərdə, idman arenalarında və hər bir vətəndaşın qəlbində ucalır. O, milli birliyimizin, azad və müstəqil Azərbaycanın simvoludur.


Taleh Cəfərov,
Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan