AMEA-nın 80 illik yubileyi

Azərbaycan elmi tarix boyu bəşəriyyətin inkişafına mühüm töhfələr vermişdir. Ölkəmiz dünya elminə görkəmli alimlər bəxş edərək, elmi nailiyyətlər sahəsində seçilən məmləkətlərdən biri kimi tanınır. Akademiklər Yusif Məmmədəliyev, Əziz Əliyev, Zərifə Əliyeva və digər böyük alimlərimizin elmi irsi bu gün də kimya, tibb, xüsusilə oftalmologiya kimi sahələrdə aparılan tədqiqatların əsasını təşkil edir.
Azərbaycan Milli Elmlər Akademiyası isə milli elmin strateji mərkəzi kimi ölkənin elmi infrastrukturu və araşdırma potensialının inkişafında xüsusi yer tutur. Akademiyanın 80 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin iştirakı, elmi nailiyyətlərə verdiyi yüksək qiymət və gələcək tədqiqatlara dair tövsiyələri elmimizin inkişafına dövlət səviyyəsində göstərilən böyük diqqətin bariz nümunəsidir.
Akademiya yaranandan bəri dövlət elmin inkişafını hər zaman prioritet istiqamət kimi dəstəkləyib. Sovet dövründə yeni elmi institutların yaradılması, gənclərin aparıcı ali məktəblərə göndərilməsi və tədqiqatlara ayrılan vəsaitlər ölkənin intellektual potensialını gücləndirib.
Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı həm tarixi qiymətləndirmə, həm də gələcəyə yönəlik strateji mesaj idi. Dövlət başçısı qeyd etdi ki, bu gün Azərbaycan artıq dünyanın qüdrətli dövlətləri sırasında yer alır. Hərbi sənaye sahəsində əldə edilən nailiyyətlər – o cümlədən pilotsuz uçuş aparatlarının ölkəmizdə istehsalı – bunun aydın göstəricisidir. Bu istiqamətdə görülən işlər həm elmi potensialın, həm də texnoloji yeniliklərin praktiki nəticəsidir.
Prezident vurğuladı ki, Azərbaycan elmi üçün çox geniş fəaliyyət meydanı açılıb. Akademiyanın keçdiyi 80 illik inkişaf yolu elmin milli dövlətçilik siyasətinin ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə elmin inkişafına göstərdiyi qayğı, yeni institutların yaradılması, alimlərin maddi və mənəvi dəstəklənməsi bu sahənin əsaslı şəkildə formalaşmasına səbəb olmuşdur.
Məhz Ulu Öndərin təşəbbüsü ilə 1970-ci illərdən başlayaraq yüzlərlə gənc SSRİ-nin ən nüfuzlu universitetlərinə göndərilmiş, müstəqil Azərbaycanın elmi elitasını təşkil etmişdir. Bu ənənə bu gün də davam etdirilir — on minlərlə gənc dünyanın aparıcı ali məktəblərində təhsil alır və Vətənə qayıdaraq inkişafımıza töhfə verir.
Bütün bu uğurların təməlində Heydər Əliyev siyasətinin ardıcıl şəkildə davam etdirilməsi, dövlətin elmə olan strateji yanaşması və Prezident İlham Əliyevin elmin inkişafına verdiyi xüsusi önəm dayanır.
Məhərrəm Qurbanov
Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı
Həmçinin oxuyun:
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.







Türkiyə
Pakistan
İsrail
Azərbaycan