Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Şuşa şəhəri – Azərbaycanın ən qədim və dəyərli mədəniyyət mərkəzlərindən biri


Şuşa şəhəri – Azərbaycanın ən qədim və dəyərli mədəniyyət mərkəzlərindən biri

13 noyabr 2025, Cümə axşamı
40
0


8 Noyabr tarixi Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası istiqamətində qazanılan möhtəşəm Qələbənin, Şuşa şəhərinin azad olunmasının, dövlət müstəqilliyimizin və milli birliyimizin rəmzinə çevrilmiş tarixi hadisənin günüdür.

Şuşa şəhəri Azərbaycanın ən qədim və dəyərli mədəniyyət mərkəzlərindən biridir. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən əsası qoyulan bu qədim şəhər qısa müddətdə bölgənin siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Şuşa təkcə möhtəşəm qalası və təbiəti ilə deyil, həm də Azərbaycan musiqi və ədəbiyyatının beşiyi kimi tanınır. Burada Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Səid Rüstəmov, Rəşid Behbudov kimi görkəmli şəxsiyyətlər yetişmiş, şəhər milli mədəniyyətimizin simvoluna çevrilmişdir.

1992-ci il 8 may tarixində Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Nəticədə şəhərin tarixi-mədəni abidələri dağıdıldı, minlərlə azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salındı. Lakin Azərbaycan xalqı bu ədalətsiz işğalla heç vaxt barışmadı.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq nümayiş etdirdi. 8 Noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad olunması ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi. Bu Qələbə xalqımızın milli ruhunun, birliyinin və sarsılmaz iradəsinin təntənəsi idi. Şuşanın azad olunması müharibənin taleyini dəyişdi və Azərbaycanın tam Qələbəsinə yol açdı.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Sərəncamı ilə 8 Noyabr “Şuşa şəhəri günü” elan edilmişdir. Bu qərar şəhərin tarixi, strateji və mədəni əhəmiyyətinin dövlət səviyyəsində tanınmasının bariz göstəricisidir.

Bu gün ölkə üzrə hər il Şuşa şəhəri gününə həsr olunmuş tədbirlər, elmi konfranslar, konsertlər və sərgilər təşkil edilir. Şuşada “Xarıbülbül” Musiqi Festivalının və “Vaqif Poeziya Günləri”nin bərpa olunması şəhərin dirçəlişinin və mədəni həyatının yenidən canlanmasının rəmzidir.

8 Noyabr – Şuşa şəhəri günü təkcə bir şəhərin azad olunması günü deyil, Azərbaycan xalqının milli qürurunun, əzmkarlığının və dövlətçilik iradəsinin təntənəsidir. Bu tarix Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ehtiramın, Azərbaycan Ordusunun şücaətinə minnətdarlığın və xalqımızın birliyinin simvolu kimi yadda qalır.


Taleh Cəfərov,

Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı 

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan