Qəhrəmanların ölməz xatirəsi anıldı – bir Vətən borcu kimi
Noyabrın 12-si… Bu tarix yalnız təqvimdəki bir gün deyil. Bu gün Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi ilə işıqlanır. Hər il bu gün Biləsuvarda üç igidin – Sahil Məmişlinin, Nicat Qasımzadənin və Elnur Əzizlinin ata ocaqları müqəddəs ziyarət yerinə çevrilir.
“Bilesuvarinfo” xəbər verir ki, şəhidlərimizin anım günündə onların ata ocaqları Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkliat nümayəndələri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub. Görüşlər zamanı qəhrəman vətən oğullarının Vətən müharibəsindəki igidliklərindən danışılıb, məzarları ziyarət olunaraq müqəddəs ruhlarına dualar oxunub.Şəhid gizir Sahil Məmişli… O, Füzulidən Şuşayadək uzanan döyüş yolunun igid əsgəri idi. Oğul, ər, vətəndaş kimi adını tarixə yazdı. Şuşa uğrunda gedən döyüşlərdə canını Vətən torpağına sipər etdi. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunması, onun qəhrəmanlığının dövlət səviyyəsində əbədiləşməsidir.
Şəhid kiçik çavuş Nicat Qasımzadə... Gəncliyinin ən gözəl çağında, 20 yaşında Vətən uğrunda döyüşə atıldı. Şuşaya gedən yollarda irəliləyən döyüşçülər arasında idi. 9-dan 10-na keçən gecə, Şuşanın azadlığı uğrunda gedən son döyüşdə şəhid oldu. Nicatın ruhu o zirvədə – azad Şuşa səmasında dolaşır. Onun orden və medallarla təltif olunması təkcə dövlətin deyil, xalqın minnətdarlıq nişanəsidir.
Şəhid Elnur Əzizli... O da Biləsuvar torpağının igid övladıdır. MAHHXHQ kimi xidmət etdiyi ordu sıralarında Vətənin hər qarışı uğrunda vuruşdu. Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin” və “Xocavəndin azad olunmasına görə” medalları onun qəhrəmanlığının rəmzidir.
Bu gün onların xatirəsi hər bir Biləsuvarlının, hər bir azərbaycanlının qəlbində yaşayır. Çünki bu torpağın azad nəfəsi, bu səmanın sakitliyi onların fədakarlığının bəhrəsidir. Onlar torpağa düşdülər, amma bir millətin qəlbində əbədi ucaldılar.
Allah şəhidlərimizə rəhmət eləsin!
Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.







Türkiyə
Pakistan
İsrail
Azərbaycan