"Bilesuvarinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Əli Qasımov yeni quş növləri ətlik və yumurtalıq baxımından sərfəli olduğu üçün təsərrüfat sahibi bu quşların sayının artırılmasına xüsusi diqqət edir.
Əli Qasımovun sözlərinə görə, quşçuluq biznesi gəlir gətirən sahə olduğu üçün bu işlə məşğul olmaq istəyən insanlar çoxdur. Amma bu işə baş qoşmusansa, gərək səbirli olasan.
“Əvvəlcə bu fəaliyyətimi kiçik sahədə qurdum, sonra dövlətdən güzəştli kredit əldə edərək təsərrüfatımı genişləndirməyə, əlavə quş damının tikintisinə nail oldum. Səbir və dözümlə bu işin çətinliklərinin öhdəsindən gəldim. Artıq quş damlarında müasir istilik sistemini, suvarma şəbəkəsini yaratmışıq. Yəni, əlverişli şərait var. Təsərrüfatda məhsuldarlığı artmaq məqsədilə Belarusda bir tanışımdan ətlik hind quşu yumurtalarını sifariş etdik. Yumurtalar gəlib çatandan sonra, inqibatorda sağlam balalar əldə etdik. Üç aylıq qulluqdan sonra bu quşlar 10-12 kiloqram çəkiyədək ət verdi. Gördük ki, bu, ətlik baxımından çox sərfəlidir. Onu da deyim ki, quşların bəslənməsində heç bir geni dəyişdirilmiş qidalardan istifadə etmirik, tam orqanik şəraitdə yetişdirilir”, - deyə təsərrüfat sahibi bildirir.
Bundan başqa, təsərrüfatda bildirçin də saxlanılır. Bu bildirçin növü digərlərinə nisbətən daha çox ət verir. İndi başqa təsərrüfat sahibləri də daha çox gəlir gətirən bu quşları əldə etməyə çalışırlar.
Həmsöhbətimiz deyir ki, bildirçinlərin saxlanılması qeyri-ənənəvi quşçuluq təsərrüfatı olduğundan həm risklidir, həm də çətin: “Mən bu bildirçin növünün yumurtalarını xaricdən sifariş etdim. Bu yumurtaları da inqibator yolu ilə sağlam balalara çevirə bildik. Texas sortu olan bu bildirçin növünün əsas özəlliyi ətlik olmasıdır. İki ay bəsləndikə 300 qrama qədər ət verir. Buna görə də Azərbaycanın hər yerindən sifarişlər alıram. Bundan başqa, yerli toyuq növü də saxlayıram. Bu toyuqların əsas özəlliyi hər gün yumurta qoymasıdır”.
Əli Qasımov bildirir ki, əvvəllər bu quşları saxlamaq müəyyən risk tələb edirdi, hazırda isə əldə etdiyi təcrübə həmçinin riski sıfıra endirib.
“Bildirçin əti min bir dərdə dərmanıdır. Ona görə də insanlar bu quşun ətinə daha çox üstünlük verirlər. Satışlarımız yaxşı olduğu üçün bu quşların sayını artırmağı və xarici bazara çıxmağı qarşımıza hədəf qoymuşuq. Fəaliyyət müddətində əldə etdiyim zəngin təcrübə imkan verir ki, təsərrüfatımı daha da genişləndirim”, - deyən təsərrüfat sahibi dövlət dəstəyi almaq məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət etməyi planlaşdırır.