- 30 iyun, 17:29
- 606 dəfə oxunub
- 0
Azərbaycanda ordu quruculuğu yeni mərhələyə keçir
Düzdür, ölkəmizdə ordu quruculuğuna Xalq Cümhuriyyəti zamanında başlansa da bu dönəmin çox qısa olması xalqımızın bir çox arzularının üzərindən xət çəkdi. Sovetlər hakimiyyəti dönəmində Azərbaycan ordusunun yaradılmasından söhbət belə gedə bilməzdi. Çar Rusiyası dövründə Orta Asiya və Qafqazın müsəlman xalqları orduda xidmətə belə cəlb edilmirdilər. Bu hal Sovet İttifaqının qurulmasından sonra da davam etmiş və yalnız 1938-ci ildən sonra azərbaycanlıların ümumi hərbi xidmətə cəlb edilməsinə başlandı. Lakin onlar əsasən xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrə göndərilirdilər. İmperiya hərbi sahədə Azərbaycanlıların yüksək vəzifələrə belə irəli çəkilməsinə də xüsusi nəzarət edirdi.
Yalnız Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə çox çətinliklər və dirənişlər sayəsində Ulu Öndər imperiyanın azərbaycanlılara qarşı həyata keçirdiyi bu streotipləri qıra bildi. İlk dəfə 1971-ci ildə Azərbaycanda general Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin yaradılmasına nail oldu. Bu hərbi məktəbin fəaliyyəti nəticəsində Azərbaycanda yüzlərlə milli kadrlar hazırlandı. Respublikamız yenidən öz müstəqilliyinə qovuşduqdan sonra ordudan anlayışı olmayan insanların bu sahəyə rəhbərlik etməsi həm torpaqlarımızın işğal olunmasında, həm də ordumuzun formalaşmasında ciddi mənfi təsirlərini göstərdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə yenidən ölkəmizə rəhbərlik etməsi nəticəsində Azərbaycanda ordu quruculuğuna başlanıldı. Əsasən 1994-cü ildən başlayaraq döyüşən ordunun bazasında bir sıra birliklər formalaşdırıldı. Müharibə şəraitində olan respublikamızda Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər nəticəsində ordumuz gücləndi, ölkədə sabitlik yarandı. Ulu Öndərin başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlət başçısı ölkəmizdə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparmaqdadır.
Qələbədən qısa müddət sonra, Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan ordusu Türkiyə ordusu təcrübəsində daha da təkmilləşdiriləcək, daha dinamik, düşmənə daha çevik cavab verə biləcək qabiliyyətdə olan müasir bir ordu yaradılacaqdır. Biz artıq bu istiqamətdə atılan real addımları görürük. Ötən ilin dekabr ayında Hadrut qəsəbəsində komando hərbi hissənin açılmasından sonra qısa müddət ərzində Kəlbəcər rayonunda da yüksək döyüş hazırlıqlı və tam təminatlı yeni komando hərbi hissəsinin açılması onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Planetimizdə son illərdə baş verən proseslərə nəzər salanda görürük ki, bu gün dünyanın idarə olunmasında güc əsas amildir. Beynəlxalq hüququn norma və prinsipləri yalnız güclünün yanındadır.Belə bir zamanda təbii ki, ölkəmiz və şanlı ordumuz daim güclənməlidir.
Bəli! Biz cəmi 44 günlük bir zamanı əhatə edən Vətən Müharibəsindəki tarixi “Zəfər”imizlə bir daha bütün dünyaya sübut etdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən biz çox böyük xalqıq.
Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.
Ramil Həsənzadə,
YAP Biləsuvar rayon təşkilatı 24 saylı
şəhər ərazi partiya təşkilatının sədri