Azərbaycan–Özbəkistan münasibətləri: Türk dünyasında yeni strateji əməkdaşlıq modeli
Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu, xüsusilə Özbəkistan ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Mərkəzi Asiyanın ən böyük və sürətlə inkişaf edən dövlətlərindən biri olan Özbəkistanla əlaqələr son illər misilsiz dərəcədə dinamik inkişaf yolu keçib.
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan və Özbəkistan arasında tarixi dostluq və qardaşlıq münasibətləri daha da möhkəmlənmiş, uzun illərin sınağından uğurla çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə regionda formalaşan yeni geosiyasi reallıqların dərindən təhlilini əks etdirir. Bu müsahibə təkcə iki ölkə arasındakı münasibətlərin inkişafını deyil, bütövlükdə Türk dünyasını birləşdirən yeni əməkdaşlıq modelinin konturlarını ortaya qoyur. Prezidentin fikirləri həm Mərkəzi Asiya, həm də Xəzər hövzəsi boyunca strateji tərəfdaşlığın gələcəyinə dair aydın vizyon təqdim edir.
Azərbaycan və Mərkəzi Asiya dövlətləri ortaq tarixi köklər, mədəni irs və etnik yaxınlıq əsasında geniş bir geosiyasi məkan formalaşdırırlar. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi məqamlar göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq klassik diplomatik çərçivəni aşaraq, vahid siyasi iradəyə, dərin tarixi bağlılığa və müasir inkişaf strategiyalarına əsaslanan yeni bir modelə çevrilir.
Prezident İlham Əliyevin Xəzər dənizini Mərkəzi Asiya ilə Azərbaycan arasında “geosiyasi körpü” kimi xarakterizə etməsi regionun strateji çəkisini daha da artırır. Xəzər yalnız su hövzəsi deyil, enerji, nəqliyyat və təhlükəsizlik baxımından Türk dünyasını birləşdirən əsas arteriyadır. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın fəal iştirakı isə ölkəmizin təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında mühüm aktor olduğunu təsdiqləyir.
Müsahibədə xüsusi qeyd edilən amillərdən biri də Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasında mövcud olan şəxsi dostluq münasibətləridir. Bu əlaqə dövlətlər arasındakı tərəfdaşlığın sağlam siyasi təməllərdən qidalandığını göstərir. Özbəkistanın Qarabağın bərpasına verdiyi real dəstək – Füzuli şəhərində məktəbin tikintisini ilk həyata keçirən ölkə olması – qardaşlıq münasibətlərinin səmimiliyini və dayanıqlığını nümayiş etdirir.
İqtisadi əməkdaşlıq sahəsində əldə olunan nəticələr də diqqətəlayiqdir. Hazırda Azərbaycanın iqtisadiyyatında 120-yə yaxın özbək kapitallı şirkət fəaliyyət göstərir. Qarşılıqlı investisiyalar, sənaye, energetika, kənd təsərrüfatı və logistika sahələrində ortaq layihələr, eləcə də Orta Dəhliz üzərindən artan tranzit həcmləri iki ölkənin yalnız siyasi deyil, həm də iqtisadi güc mərkəzlərini birləşdirdiyini göstərir.
Prezident İlham Əliyevin UzA-ya müsahibəsi Türk dünyasında yeni strateji müttəfiqlik dövrünün başlandığını təsdiqləyir. Bu münasibətlər ortaq dəyərlərə, siyasi iradəyə və davamlı inkişaf məqsədlərinə əsaslanaraq regionda sabitliyin və tərəqqinin mühüm dayağına çevrilməkdədir. Müsahibə həmçinin Azərbaycanın yalnız ikitərəfli münasibətlərdə deyil, ideoloji və geosiyasi müstəvidə də yeni dövrün əsas konturlarını müəyyənləşdirdiyini göstərir.
Məhərrəm Qurbanov,
Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı
Həmçinin oxuyun:
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.






Türkiyə
Pakistan
İsrail
Azərbaycan