- 28 may, 15:09
- 951 dəfə oxunub
- 0
“Müstəqilliyimiz dünən və bu gün”
"Bilesuvarinfo" xəbər verir ki “Müstəqilliyimiz dünən və bu gün” mövzusunda konfransda rayon rəhbərliyi, YAP Biləsuvar rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimayyətin nümayəndələri iştirak edib.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Faiq Qürbətov rayon ictimaiyyətini bayram münasibətilə təbrik edərək bildirdi ki, şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycanın dövlətçilik tarixinə və Azərbaycan xalqının həyatına misilsiz və əlamətdar hadisə kimi daxil olmuşdur: "1918-ci ildə dövlətimizin istiqlaliyyətinin elan olunması, xalqımızın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdi.Beləliklə, 28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil oldu.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycanda dövlətçilik ənənələri zamanın hər bir dönəmində yaşadılmış və inkişaf etdirilmişdir. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqilliyin bərpa edildiyi ilk illərdə qarşıya çıxan maneələr dəf edilmişdir.
90-cı illərin əvvəllərində müstəqilliyimizin məhv olmaq təhlükəsi yarananda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi bütün təhlükələri aradan qaldırdı. Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başladı. Bu uğurlu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursu nəticəsində daha da gücləndirildi.Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tarixi Zəfər qazanmaqla, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa edildi."Konfransda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı çıxışında qeyd etdi ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
K.Qurbanlı bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Tədbirdə çıxış üçün söz alan Biləsuvar Rayon Prokuroru Camal Bağırov bayram münasibətilə hüquq mühafizə orqanlarının adından tədbir iştirakçılarını təbrik edib.O, rayonun qədim yaşayış məntəqəsi - Amankəndlə bağlı önəmli təklifini də diqqətə çatdırdı
YAP Rayon təşkilatının 38 saylı şəhər ərazi partiya təşkilatının sədri, tarix müəllimi Elmin Nuri 1918-ci ilin tarixi hadisələrindən söz açdı. Dünyada çox az sayda xalqın öz milli dövlətinin olduğunu bildirən E. Nuri ikinci dəfə dövlət müstəqilliyi əldə edən ölkəmizdə yaranmış tarxi siyasi şəraiti şərh etdi. Ulu öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərini sadalamaqla nitqinə yekun vurdu.
YAP Rayon təşkilatının fəal üzvü, ziyalı Rüstəm Əliyev çıxışında müasir Azərbaycan dövlətini digər dövlətlərlə müqayisə etdi. Bildirdi ki, Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti indiki qədər heç vaxt güclü və möhtəşəm olmayıb.
O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, demokratik hüquq və azadlıqların bərqərar olmasından ətraflı söz açdı.
Yekunda 28 may Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirildi.